“TEKNOFEST Azərbaycan” öz işinə başlayıb – FOTOLAR
Bu gün Azərbaycanın Bakı şəhərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə başlayıb.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” qardaş Türkiyə ilə yanaşı ilk dəfə Azərbaycanda keçirilir. 2018-ci ildən etibarən hər il Türkiyədə təşkil olunan milli texnologiya hərəkatı adını alan bu tədbirin əsas məqsədi milli texnologiyaların təbliği və inkişafı, innovativ və texnoloji nailiyyətlərin qazanılması, həmçinin insanların bu sahədə maarifləndirilməsidir.
Festival çərçivəsində seminarlar, müxtəlif mükafatlar qazandıran texnologiya yarışmaları, yerli texnologiya sərgiləri və sahibkarların beynəlxalq sammiti keçirilir, habelə paraşüt idmanı, aerobatika komandalarının şouları təşkil edilir.
“TEKNOFEST Azərbaycan” çərçivəsində ilk dəfə olaraq məktəblilər, tələbələr, startap və fərdi sahibkarlar bir araya gələcək. Festival çərçivəsində keçiriləcək “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı beynəlxalq tədbirlər hesab olunduğundan Bakıya Avropadan yüzlərlə komanda və startap gəlib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Tədbir çərçivəsində təşkil olunan hava şoularında 10 komandadan çox Türkiyənin F16 “Solo Turk”, F5 “Turk Yıldızları” döyüş təyyarələri, “Hürküş” təlim təyyarələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 döyüş təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdirəcəklər.
Tədbirin sərgi hissəsində, həmçinin Türkiyə pavilyonu da fəaliyyət göstərir. Türkiyəni təmsil edən 55-dən çox şirkət, o cümlədən ASELSAN, HAVELSAN, “Roketsan” və TUSAŞ kimi nəhəng müdafiə sənayesi şirkətləri, startaplar və universitetlər öz son innovativ layihələrini təqdim edirlər.
Sərgidə, həmçinin Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB), Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də iştirak edir.
Sərgidə müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən Azərbaycan MSN-in müəssisəsində istehsal olunan “İtiqovan” PUA, “Baykar” şirkətinin “Bayraktar Kızılelma” MİUS adlı yeni döyüş pilotsuz uçuş aparatı nümayiş olunur. Festivalda ilk dəfə olaraq Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları tərəfindən hazırlanan “Xilaskar” adlı PUA-nın təqdim olunub. Azərbaycanda ilk dəfə TUSAŞ şirkətinin T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri nümayiş etdirilir. Festival mayın 29-dək davam edəcək.
Qeyd edək ki, “Poliqon” jurnalı “TEKNOFEST Azərbaycan” festivalının media tərəfdaşı qismində çıxış edir. “Poliqon” jurnalının “TEKNOFEST Azərbaycan” tədbiri üçün xüsusi olaraq hazırlanan buraxılışı sərgi iştirakçıları və ziyarətçilər arasında paylanır.