Bakıda 2015-ci ildə yerli nümayəndəliyini açan Fransanın “Thales İnternational” şirkəti ötən beş il ərzində Azərbaycanın həm hərbi, həm də mülki sektorunda bir sıra layihələrə imza atıb. “Thales”in Azərbaycan bazarında varlığını sürdürən və koordinasiya edən yerli nümayəndəliyin fəalyyəti, həyata keçirdiyi layihələr və perspektiv planlara nəzər salmağa çalışdıq. “Thales”in Azərbaycan nümayəndəliyinin direktoru Mehmet Şahanın sözlərinə görə, 2015-ci ildə fəaliyyətə başlayan Bakı ofisi həmin vaxtdan Azərbaycana “Thales”in mülki və hərbi məhsullarını təqdim edir. “Thales”in beş əsas fəaliyyət sahəsi olduğunu qeyd edən şirkət nümayəndəsinin sözlərinə görə, bura hava hərəkətinin idarə olunması, kosmos, yerüstü nəqliyyat, təhlükəsizilik, müdafiə sistemləri daxildir. “Hava hərəkətinin idarə olunması sahəsində “Thales”in Azərbaycanda əsas böyük müştərisi “Azərbaycan Hava Yolları” (AZAL) aviadaşıyıcı şirkətidir. Bu sahədə “Thales”in AZAL şirkəti ilə indiyədək bir neçə müqaviləsi olub. Prezident İlham Əliyevin 2019-cu ilin iyulunda Fransaya səfəri çərçivəsində AZAL ilə “Thales” arasında növbəti müqavilə imzalanıb. ““Thales” Azərbaycanda təkcə bir nümayəndəliklə deyil, daha aktiv fəaliyyət göstərmək, bura yeni texnologiyalar, yeni ideyalar gətirmək fikirindədir”, - deyən şirkət rəhbərinin sözlərinə görə, Parisdə imzalanmış müqavilələr çərçivəsində Azərbaycan tərəfi ilə birlikdə onların mövcud avadanlıqlarına texniki dəstək göstərilməsi və gələcəkdə lazım olan avadanlıqların Azərbaycanda yığımı nəzərdə tutulur: “Müqavilə tərəfimizdən icra olunmağa tam hazırdır. Hazırda Azərbaycan tərəfinin qərarını gözləyirik. Müqavilə reallaşarsa, Fransada istehsal olunan məhsulların komponentlər şəkilində Azərbaycana gətirilərək burada yığımı düşünülür. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, yerli mütəxssislər hazırlanacaq. Həmçinin, AZAL-ın əldə etdiyi avadanlıqlara komponent səviyyəsində təmir-servis xidmətləri göstərmək imkanları olacaq. Bu ilkin mərhələdir. Sonrakı proses ətraf regionlardan tələb olunan avadanlıqların Bakıda yığılıb ixrac edilməsidir. “Thales”in Qazaxıstandakı birgə müəssisəsində biraz fərqli formada layihə həyata keçirilir. Belə ki, həmin müəssisədə hava hücumundan müdafiə radarları istehsal olunur. Azərbaycanda isə hələlik mülki təyinatlı radarlardan söhbət gedir”. Kosmik texnologiyalar sahəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq etdiklərini deyən M.Şahanın sözlərinə görə, bu sahədə böyük potensial və imkanlar mövcuddur. 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar naziri Fransaya səfəri çərçivəsində “Thales Group”a daxil olan “Thales Alenia Space” şirkətini ziyarət edərək burada yaradılan məhsullarla yaxından tanış olub. “Azərkosmos” rəhbərliyinə “Thales”in həm hərbi, həm də mülki peykləri barədə təqdimatlar keçirilib: “Qeyd etmək istəyirəm ki, “Thales Alenia Space” Avropada peyk istehsalı üzrə birinci yerdə qərarlaşır. Şirkət rabitə, yerin müşahidə peykləri, o cümlədən elmi peyklərin istehsalı ilə məşğuldur. Hazırda “Thales” olaraq “Azərkosmos” ASC ilə əməkdaşlığımız davam edir. “Azərkosmos”un layihələrində iştirak etmək fikirindəyik. Birgə konseptual məsələlər, eləcə də “Azərkosmos”un gələcək layihələri üzərində işləyirik”. 2016-cı ildə “Azərkosmos”un yerin məsafədən müşahidəsi peykinin satın alınmasına dair elan etdiyi tenderə qatıldıqlarını deyən M. Şahan “Thales Alenia Space”nin daha böyük ayırdetmə və geniş imkanlara malik peyk təklif etdiyini bildirib. Onun sözlərinə görə, hazırda “Azərkosmos”un istifadə etdiyi peyklər bəzi məsələləri həll etməyə imkan versə də digər, xüsusilə hərbi sektora aid olan məsələlər üçün daha keyfiyyətli peyklər lazımdır: “Tenderdə məqsəd də daha yüksək keyfiyyətli peykin alınması idi. Hələlik bu məsələ biraz ləngiyir”. “Thales”in Azərbaycanda yerüstü nəqliyyat sahəsində də layihələrə qatıldığını bildirən M. Şahanın sözlərinə görə, indiyədək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə bir neçə müqavilə imzalanıb və uğurla icra olunub. Metronun yeni tikilən xətlərində və depolarda “Thales”in sistemləri tətbiq olunur. “Bu yaxınlarda “Bakı Metropoliteni” 2027-ci ilə qədər yeni xətlərin və stansiyaların tikilməsi ilə bağlı öz planlarını açıqladı. Ümid edirik ki, “Thales” olaraq həmin layihələrdə də iştirak edəcəyik. Gələcəkdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə də hansısa işləri reallaşdıra biləcəyimizə ümid edirik”, - deyə şirkət nümayəndəsi vurğulayıb. Müdafiə və sektorunda böyük imkanlar var “Thales”in Azərbaycanın Müdafiə Nazirliyi ilə müqavilə imzalamış ilk fransız şirkəti olduğuna diqqət çəkən M.Şahan şirkətin portfelinə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün müxtəlif həllərin daxil olduğunu xatırladaraq, bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını açıqlayıb: “Şirkətimiz 2016 və 2018-ci illərdə Bakıda keçirilmiş ADEX müdafiə sərgilərinə də qatılaraq özünün geniş çeşidli məhsullarını tanıdıb. Bunlar Azərbaycan tərəfinin istəyi, həyata keçirəcək layihələrdir. Fərq etməz, yeni sistemlərin alınması və ya mövcud avadanlıqların modernizasiyası, “Thales” bu sahədə əməkdaşlığa hazırdır. “Thales”in istehsal etdiyi məhsullar sırasında atəşin idarə olunmasından, C4ISR, müşahidə, idarəetmə, radarlar, analitik sistemlər və s. yer alır. Təklif edilən sistemlərin 99%-i müdafiə yönümlüdür. Misal üçün “Thales” hava hücumundan müdafiə komplekslərində müşahidə və tuşlama sistemini istehsal edir. Yaxud təyyarələr və HHM üçün avionika, radar, o cümlədən dənizdə naviqasiya, rabitə, sonarlar və s. istehsal edir”. Bundan əlavə, “Thales”in sərhədlərin qorunması üçün müxtəlif həlləri mövcuddur. Bura optik müşahidə sistemləri, sərhəd keçid məntəqələri üçün biometrik analiz cihazları, sahil mühafizə qüvvələri üçün müşahidə və nəzarət avadanlıqlar və sistem həlləri daxildir. Təhlükəsizlik sektorunda təmsil etdiyi şirkətin dünyanın nəhənglərindən olduğunu xatırladan Mehmet Şahan “Thales”in həm fiziki, həm də kiber təhlükəsizlik həllərini təklif etdiyini bildirib. Xüsusilə kiber təhlükəsizlik sahəsində “Thales” Avropanın ən qabaqcıl şirkətlərindən biri kimi tanınıb: “Ötən il “Thales”in kiber təhlükəsizlik həllərinin yaradılması sahəsində aparıcı şirkətlərdən olan “Gemalto”nu aldıqdan sonra Avropada mövqeyi daha da güclənib. “Gemalto” şirkəti “Thales”dən əvvəl Azərbaycanda işləyib, müəyyən layihələri var. Azərbaycanda hazırlanan xarici pasport, yeni şəxsiyyət vəsiqələri “Gemalto”nun həlləri üzərində qurulur. Bu sahədə də işləyirik. Hazırda böyük layihələr olmasa da, maraqlı tendensiyalar var”. Qeyd edək ki, hərbi və mülki sektorda fəaliyyət göstərən Fransanın “Thales İnternational” şirkətinin illik dövrüyəsi təqribən 20 milyard avro təşkil edir. 2018-ci ildə hazırlanmış reytiqində (Defense News Top-100) “Thales” dünyanın ən böyük müdafiə sənayesi şirkətləri sırasında 9-cu, 2019-cu ildə isə 16-cı yerdə qərarlaşıb. Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısında yer alan Avropa qitəsindən 5-ci ən böyük şirkətdir. 2018-ci ildə “Thales”in dövriyəsinin təqribən 8.5 milyard avrosu hərbi məhsulların payına düşüb.