
MKE şirkətinin mühəndisləri tərəfindən hazırlanan TOLGA lazer silah sistemi Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi ATEŞ SERBEST-2026 təlimində ilk dəfə istifadə olunub.
MKE-dən “Poliqon”a bildirilib ki, təlim zamanı TOLGA lazer silah sistemi 760 metr məsafədəki PUA hədəfini uğurla məhv edib.
Ümumi 20 kVt (4 × 5 kVt) fiber lazer gücünə malik sistem hava, quru və dəniz təhdidlərinə qarşı istifadə oluna bilir. Lazer silah sistemi “Effektiv – Sadə – Ucuz” yanaşması əsasında hazırlanan TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminə inteqrasiya olunaraq onun aşkarlama, izləmə və komanda-idarəetmə infrastrukturundan tam şəkildə istifadə edə bilir.
Sistem hava təhdidlərinə qarşı gözqamaşdırma, korlaşdırma və məhvetmə olmaqla üç fərqli müdaxilə imkanı təqdim edir. O, 4500-2500 metr məsafədə təhdid elementinin kamerasını hədəf alaraq müvəqqəti korluq yarada, 2500-1500 metr məsafədə isə daimi korlaşdırma həyata keçirə bilir. 1500-100 metr məsafədə hədəfin gövdəsində fiziki zədələnmə yaradaraq onu zərərsizləşdirir.
360 dərəcə hərəkət imkanına malik sistemin qülləsi elektrik enerjisini birbaşa xətti hərəkətə çevirən xətti mühərrik texnologiyası əsasında hazırlanıb. Bu texnologiya aşkarlanan təhdidlərin yüksək dəqiqlik, sürət və təcillə izlənilməsinə imkan verir.
Lazer silah sisteminin inteqrasiya edildiyi TOLGA y HHM sistemi də ilk dəfə ATEŞ SERBEST tədbiri çərçivəsində atış tapşırığı yerinə yetirib. MKE tərəfindən sabitqanadlı kamikadze PUA-lara, dronlara, qanadlı raketlərə və digər asimmetrik hava təhdidlərinə qarşı hazırlanan sistemin 12,7 mm və 20 mm-lik stasionar və nəqliyyat vasitələri üzərində quraşdırılan silah qüllələri, eləcə də 20 mm-lik ikilüləli revolver tipli silah sistemi ilə atışlar həyata keçirilib.
MKE istehsalı olan 20 mm-lik ikilüləli revolver tipli silah sistemi hava təhdidlərinə qarşı yüksək atəş sıxlığı təmin edir. Hər bir silahın dəqiqədə 1500 atəş açmaq imkanına malik olduğu sistemdə iki silahın eyni qüllədə yerləşdirilməsi ümumi atəş sürətini dəqiqədə 3000 atəşə çatdırır.
MKE TOLGA sisteminin tərkibində müxtəlif silah sistemləri ilə yanaşı, GÖKBÖRÜ AESA radarı, akustik aşkarlama sistemi, elektro-optik sensorlar, elektron müharibə sistemi və təkmil komanda-idarəetmə infrastrukturu yer alır. Bu komponentlər vasitəsilə aşkarlanan və izlənilən təhdidlərə qarşı elektron maneə yaratma, lazer və silah sistemləri ilə müdaxilə etmək mümkündür.
MKE tərəfindən istehsal olunan 12,7 mm, 20 mm və 35 mm-lik silah sistemləri üçün xüsusi hazırlanmış qəlpəli antidron döyüş sursatları da hava təhdidlərinin fiziki olaraq məhv edilməsini təmin edir.





