HavaXəbərlər

Tu-160M təyyarəsinin sistem və avadanlıqlarının 80 faizi modernləşdirilib

Rusiya mərkəzli “Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) istehsalı olan Tu-160M strateji bombardmançı təyyarəsi sələfinin əfsanəvi xarici görünüşünü qoruyub saxlasa da, yeni texnoloji baza əsasında yaradılıb.

“Poliqon” xəbər verir ki, bunu “Tupolev” şirkətinin (UAC-nin tərkibinə daxildir) baş direktoru Yuri Abrasimov açıqlayıb.

O bildirib ki, təyyarənin bort radioelektron avadanlıqları, naviqasiya sistemləri və mühərrikləri də daxil olmaqla, sistemlərinin böyük hissəsi modernləşdirilib.

“Tu-160M xaricdən əvvəlki kimi tanınan siluetini qoruyub saxlayıb, lakin daxildən rəqəmsal texnologiyalardan geniş istifadə edilməklə, tamamilə yeni texnoloji baza əsasında yaradılıb. Sistem və avadanlıqların 80 faizi modernləşdirilib”, – deyə Y. Abrasimov vurğulayıb.

Baş direktorun sözlərinə görə, mühəndislər təyyarənin gələcək inkişafı üçün də imkanlar nəzərdə tutublar. Belə ki, bort avadanlıqlarının arxitekturası modul prinsipi əsasında qurulub. Bu, gələcəkdə köhnəlmiş sistemləri daha təkmil sistemlərlə əvəz etməyə və bunun üçün bütün aviasiya kompleksini yenidən qurmağa ehtiyac olmadan yeni avadanlıqları təyyarəyə inteqrasiya etməyə imkan verəcək.

Abrasimov qeyd edib ki, bu yanaşma zamanın dəyişən tələblərinə daim cavab verməyə və aviasiya kompleksinin yerinə yetirdiyi tapşırıqların dairəsini genişləndirməyə şərait yaradır.

Back to top button