Türk Ordusu TRG-300 Blok III raketləri ilə silahlandırılıb

Türk Ordusu TRG-300 Blok III raketləri ilə silahlandırılıb

“Roketsan” şirkəti tərfindən istehsal edilən TRG-300 “yer-yer” tipli raketlərin yeni Blok III (K+) modifikasiyası Türkiyənin Quru Qoşunlarına çatdırılıb.

“Poliqon”un məlumatına görə, bununla bağlı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında paylaşım edib. Bildirilib ki, dövlət sifarişi əsasında Türkiyə Silahlı Qüvvələrinə onlarla TRG-300 Blok III (K+) raketi təhvil verib.

“Roketsan” istehsalı olan 300 millimetrlik TRG-300 raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb. TRG-300 raketi “Roketsan” tərəfindən hazırlanan K+ silah sistemi və yaylım atəşli reaktiv sistemi ilə uyğun interfeyslərə malik müxtəlif platformalar üzərindən buraxıla bilir.

“Roketsan” mütəxəssisləri tərəfindən hazırlanmış TRG-300 Blok II raketinin çəkisi 660 kq, döyüş başlığı 180 kq, atış mənzili 20 – 90 km-dır. TRG-300 “Tiger” Blok III modifikasiyasının çəkisi 585 kq, döyüş başlığı 105 kq, atış mənzili 30 – 120 km təşkil edir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketlərinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG-300 raketləri uzaq məsafədə yerləşən hədəfləri effektiv məhv etmək qabiliyyətinə malikdir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Roketsan” TRG-300 raketinin dəniz platformalarına inteqrasiyası üçün lazımi təkmilləşdirmə və platforma uyğunlaşmaları üzərində çalışır.

Qeyd edək ki, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına verilən TRG-300 raketlərindən Azərbaycan və Banqladeş Silahlı Qüvvələrində də istifadə edilir. TRG-300 raketi Azərbaycan Ordusunun silahlanmasında yer alan T-300 “Qasırğa” uzun mənzilli raket sisteminə komplektləşdirilib və 44 günlük Vətən müharibəsində uğurla istifadə edilib. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun raket-artilleriya bölmələri tərəfindən “Qasırğa” kompleksləri ilə düşmən mövqelərinə dəqiq atəş zərbələri edilməsi müşahidə olunub.

Poliqon.az

CATEGORIES
TAGS