Türk Ordusunun arsenalına 2000-dən çox FNSS zirehli maşınları verilib
FNSS tərəfindən istehsal edilən 2000-dən çox tırtıllı zirehli döyüş maşınları, səyyar üzən hücum körpüsü, zirehli amfibiya mühəndis maşını, tırtıllı və 4×4 təkərli zirehli silah daşıyıcı maşınlar Türkiyə Silahlı Qüvvələrində xidmət göstərir.
Bunu Poliqon jurnalına müsahibəsində FNSS şirkətinin baş direktoru Nail Kurt söyləyib.
“Bunun son nümunəsini Xüsusi Təyinatlı Qüvvələr Komandanlığımız üçün dizayn edib istehsal etdiyimiz PARS IV 6×6 və Quru Qoşunları ilə Jandarmamız üçün hazırladığımız PARS İZCI 8×8 və 6×6 layihələri ilə həyata keçirdik. Təhlükəsizlik qüvvələrimizin bu sinif maşınlardakı üstünlüyü yenə FNSS oldu”, – deyə Nail Kurt vurğulayıb.
Baş direktor bildirib ki, FNSS eyni zamanda Türkiyənin quru döyüş platformalarında son 10 ildir ixracat lideridir: “Bu günə qədər 7 ölkəyə nəqliyyat vasitələri, texnologiya transferi, daha çox ölkəyə də alt sistem, hissə və xidmətlər ixrac etmiş və məhsullarını dünyanın müxtəlif ölkələrinin inventarına verən bir dünya şirkəti olmağı bacardıq.
FNSS tərəfindən hazırlanmış və hazırlanmaqda olan sistemlər Türkiyə Silahlı Qüvvələrinin döyüş gücünün çox mühüm hissəsini təşkil edir. İnventarda ZMA, STA (təkərli və tırtıllı tank əleyhinə maşınlar), KORKUT/HİSAR (hava hücumundan müdafiə platforması), SYHK (səyyar üzən hücum körpüsü) və AZMİM (zirehli amfibiya tikinti texnikası) sistemləri ilə yanaşı, ZAHA (zirehli amfibiya hücum maşını), ÖMTTZA (kəşfiyyat məqsədli PARS 6×6 və 8×8) və Xüsusi Təyinatlı Qüvvələr (mina, ballistik və əldəqayırma partlayıcılara qarşı ən yüksək qoruma təmin edən PARS IV 6×6) maşınları üçün də Türkiyə Silahlı Qüvvələri (TSK) və Müdafiə Sənayesi Başqanlığı (SSB) FNSS məhsullarına üstünlük verdi. FNSS bu performansı ilə TSK-nin bir nömrəli seçimi olmağa davam edir”.
Türkiyədə davam edən layihələrindən danışan şirkət rəhbəri Silah Daşıyıcı Maşın (STA) Layihəsi çərçivəsində bu günə qədər 240 ədəd avtomobilin tədarükünü uğurla həyata keçirdiklərini deyib.
“STA nəqliyyat vasitələrimiz Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv olaraq istifadə edilməyə başlandı. Layihənin birinci mərhələsində nümayiş etdirdiyimiz üstün uğur və müştəri məmnuniyyəti sayəsində əlavə avtomobillərin tədarükü ilə bağlı müqaviləmiz imzalandı və bununla da təhvil verəcəyimiz avtomobillərin sayını 344-ə çatdırıldı” – deyə Nail Kurt vurğulayıb.