
Türkiyə azad olunan Azərbaycan torpaqlarında aparılan minatəmizləmə əməliyyatları barədə məlumat yayıb
İşğaldan azad edilən Azərbaycan torpaqlarında Türkiyə tərəfindən aparılan minatəmizləmə əməliyyatları zamanı indiyə qədər 304 318 m2 ərazi minalardan təmizlənib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin, Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında imzalanan müqavilə çərçivəsində MEMATT mexaniki minatəmizləmə maşınlarının ikinci partiyasının Azərbaycana təhvil verildiyi bildirilib.
“Qardaş ölkə Azərbaycanla ikitərəfli hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernizasiya və təlim fəaliyyətlərinə dəstək verməyə davam edərkən Türkiyə və Azərbaycan Silahlı Qüvvələri; birlikdə icra etdikləri təlimlərdə, ixtisaslı personalı və təchizatı ilə veriləcək istənilən vəzifəni yerinə yetirmək gücdə olduğunu göstərməkdədir.
Təhsil, yardım və məsləhət fəaliyyətləri ilə “İki dövlət, bir millət” anlayışıyla bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın yanlarında olmağa davam edəcəyik”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən qeyd edilib.