Türkiyə İsrail və Fransa şirkətlərini minatəmizləmə əməliyyatlarına buraxmayacaq

Suriyada ölkədaxili vəziyyətin gərginləşməsi Türkiyə – Suriya sərhədinin minalardan təmizlənməsi prosesinin başlanmasını yubada bilərDMOT saytının məlumatına görə, bununla əlaqədar olaraq rəsmi Ankaranın açdığı tenderin nəticələrinin elan edilməsində gecikmələr yaşanır. Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumatda qeyd olunub ki, ən yaxşı halda tenderin nəticələrinin 2012-ci ilin ortalarında elan edilməsi gözlənilir.

Mənbə tenderə qatılan şirkətlərin adlarını açıqlamasa da, onların arasında dünyada nüfuzlu mina mərkəzlərinin olduğunu söyləyib. Məlumata görə, müraciət edənlər arasında İsrail və Fransaya məxsus bir neçə təşkilat var.

“Lakin İsrail və Fransa ilə son vaxtlar yaşanan bəlli hadisələr həmin ölkələrə məxsus şirkətlərlə əməkdaşlığın dondurulması ilə nəticələnib. Böyük ehtimalla Suriya sərhədindəki minaların təmizlənməsi prosesinə də həmin ölkələrə məxsus şirkətlər cəlb edilməyəcək”, – deyə mənbə vurğulayıb.

Artıq Türkiyə tərəfdən hazırlıqla bağlı bir sıra prosedurlar başa çatdırılıb. Minatəmizləmə layihəsinə qatılan xarici firmalar 49%-i Türkiyənin yerli şirkətlərinin payı olmaqla ortaqlıq yaratmalıdırlar. Milli Müdafiə Nazirliyi tərəfindən minatəmizləmə əməliyyatlarına nəzarəti həyata keçirmək funksiyası Makina və Kimya Sənayesi Təşkilatına (MKE) həvalə olunub. 2011-ci ildə bu işlərdə çalışacaq MKE heyəti üçün treninqlər keçirilib.

Qeyd edək ki, 911 km Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi nəzərdə tutulur. Minalı sahələr ərazi şəraitinə görə 140, 124, 110, 156, 101 və 280 km olmaqla altı bölgəyə ayrılıb və ümumi sahəsi 212 milyon kvadratmetrdir.

CATEGORIES