Türkiyə 280 ədəd “Leopard 2” tankını təkmilləşdirir
Türkiyə Quru Qoşunlarında silahlanmada olan 280 ədəd “Leopard 2A4 tankını milli imkanlarla təkmilləşdirir.
“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, təkmilləşdirilən tanklar əlavə T1 zirehli müdafiə dəsti, müasir elektron sistemlər və yenilənmiş atəşi idarəetmə sistemi alacaq. Bunun da nəticəsində “Leopard 2A4” tanklarının sağqalma qabiliyyəti artacaq.
TİYK (Tanklara İlave Yetenekler Kazandırılması) təkmilləşdirmə proqramı çərçivəsində 2023-cü ildə 80 ədəd, 2026-cı ildə isə daha 160 ədəd “Leopard 2A4” tankını təkmilləşdirilməsi planlaşdırılır. Artıq əlavə zireh müdafiəsi almış 40 ədəd “Leopard 2A4” tankı TİYK-LEO2A4 standartına yüksəldiləcək.
Məlumdur ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatların təcrübəsi əsasında Türkiyə “Leopard 2A4” tanklarının da təkmilləşdirilməsi qərarını verib. Bu çərçivədə indiyədək FIRAT-M60T layihəsi əsasında təxminən 170 ədəd M60T tankı təkmilləşdirilib. Ancaq Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) başlatdığı TİYK proqramı çərçivəsində M60TM, “Leopard 2A4” və M60A3 tankları yenidən təkmilləşdiriləcək.
TİYK-LEO 2A4 proqramı çərçivəsində təkmilləşdiriləcək tanklar müasir optoelektrik müşahidə cihazları, həmçinin Volkan-III/TAKS atəşi idarəetmı sistemi alacaq. Silah və qüllə ötürücüsünün stabilizatorunun hidravlik sistemi elektrik sistemlə dəyişdiriləcək.
Tank qülləsində ASOP AKKOR PULAT aktiv müdafiə kompleksinin komponentləri və TLUS (Tank Lazer Uyarı Sistemi) və ya onun analoqu LIAS (Lazer İkaz Alıcı Sistemi) lazer şüalanma xəbərdarlıq sistemi quraşdırılacaq.
Yeni elektron sistemlərin inteqrasiyası enerjiyə olan tələbatı artırıb, ona görə də tanklar köməkçi güc qurğusu (KGQ) ilə təchiz olunacaq.
Türkiyənin təkmilləşdirilmiş “Leopard 2” tankları həmçinin ASELSAN-ın 12,7 mm-lik pulemyotlu SARP uzaqdan idarə olunan döyüş modulunu alacaq.
Tankın mühərriki dəyişməz qalacaq, çünki yerli şirkətlər tələb olunan gücdə öz mühərriklərini yarada bilmirlər. Həmçinin əsas silahların – Rh 120/L44 hamar lüləli topun və onunla qoşalaşdırılmış 7,62 mm-lik pulemyotun dəyişdirilməsi planlaşdırılmır.
T1 əlavə modul zirehli müdafiə dəsti “Roketsan” şirkəti və “Balistik Koruma Merkezi” tərəfindən hazırlanıb. T1 kompleksi tank əleyhinə idarə olunan raketlərdən (TƏİR) qorunmaq üçün nəzərdə tutulmuş öz inkişafları NERA dinamik mühafizənin çoxqatlı paketidir. Yəni, T1 müdafiə kompleksi Rusiyanın “Kornet”, sovet “Fagot”, “Konkurs” və ya ABŞ-ın TOW 2 kimi TƏİR zərbəsindən müdafiəni təmin edir.
“Leopard 2A4” tanklarına əlavə edilən passiv kompozit zirehlər, partlayıcı reaktiv zirehlər və antikumulyativ torlarla tankın həssas nöqtələrinin müdafiəsi artırılıb. Təkmilləşdirmə nəticəsində “Leopard 2A4” tanklarının döyüş kütləsi 6,33 ton artaraq 61,33 tona çatıb. Bununla belə tankın hərəkət qabiliyyətinin itirilməsi minimaldır. Təkmilləşdirilmiş döyüş maşınları hərəkətlilik sınaqlarından uğurla keçib.
TİYK proqramının əhatə dairəsi aşağıdakılardır:
- atəş idarəetmə sistemi;
- aktiv müdafiə sistemi;
- zirehli modul müdafiə;
- uzaqdan idarə olunan döyüş modulu;
- yaxın məsafədən müşahidə sistemi;
- tank sürücü-mexanikinin müşahidə sistemi;
- köməkçi güc qurğusu;
- tank komanda-nəzarət informasiya sistemi;
- tank lazer xəbərdarlıq sistemi;
- yanğınsöndürmə və partlayışın qarşısını alma sistemi;
- qoruyucu astar;
- həyat dəstəyi sistemi.
TİYK-LEO2A4 layihəsi çərçivəsində “Roketsan” şirkəti “Leopard 2A4” tankları üçün hazırladığı zireh həlli ilə birlikdə aktiv qoruma sistemlərinin inteqrasiyasını da təklif edir. “Leopard 2A4” hibrid qoruma həlli (Hibrit Koruma Çözümü – Hybrid Protection Solution) adlı paketə TİYK-LEO2A4 layihəsində istifadə edilən T1 əlavə zireh sistemi, həmçinin ASELSAN şirkəti tərəfindən istehsal edilən PULAT aktiv müdafiə sistemi daxildir. PULAT-ın inteqrasiyası ilə tankın həssas nöqtələri minimuma endiriləcək və tank hər tərəfdən qorunacaq.
Bildirilir ki, həm PULAT, həm də T1 əlavə zireh sistemi Quru Qoşunları tərəfindən sahədə fəal şəkildə istifadə edilən sistemlərdir.
Həmçinin, TİYK-LEO2A4 layihəsi yekunlaşdıqda, “Leopard 2A4” tanklarının ASELSAN şirkətinin təqdim etdiyi “Leopard 2A4” NG tankı ilə oxşar qabiliyyət artımı yaşayacağı vurğulanır.
Əhəd Əzizov