Türkiyə 60 milyard dollarlıq 800 müdafiə layihəsi həyata keçirir

Türkiyə 60 milyard dollarlıq 800 müdafiə layihəsi həyata keçirir

Türkiyədə 20 il əvvəl 5,5 milyard ABŞ dolları dəyərində 62 müdafiə layihəsi həyata keçirilirdisə, bu gün bu rəqəm 60 milyard ABŞ dolları dəyərində 800 müdafiə layihəsinə yaxınlaşıb. Bu layihələrin yarıdan çoxu son 5 ildə başladılıb.

“Poliqon” xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi başqanı (SSB) İsmail Dəmir deyib.

İsmail Dəmir Türkiyə müdafiə və aviasiya sənayesi sektorunun dövriyyəsinin 2021-ci ildə 10 milyard ABŞ dollarını keçdiyini xatırladıb: “Sənayemizin aldığı yeni sifarişlərin dəyəri əvvəlki ilə nisbətən 40 faiz artaraq təxminən 9 milyard dollar, Ar-Ge xərcləri isə əvvəlki ilə görə 32 faiz artaraq təxminən 1 milyard 600 milyon dollar təşkil edib”.

“Bu gün gəldiyimiz ortaq nöqtə və əldə etdiyimiz bütün uğurlar sistemli işin məhsuludur. Eyni əzm və qərarla davam etdiyimiz təqdirdə 10 il ərzində müdafiə sənayesi sahəsində dünyanın ən önəmli ölkələrdən birinə çevrilməməyimiz üçün heç bir səbəb görmürəm. Bu məqsədə çatmaq üçün ekosistemimizin hər bir üzvü ilə işləməyə davam edirik”, – deyə İsmail Dəmir bildirib.

SSB başqanının sözlərinə görə, Türkiyənin müdafiə sənayesi məhsullarını ixrac etdiyi ölkələrin sayı 170-ə çatıb.

SSB başqanı ən böyük hədəflərinin müdafiə sənayesində tam müstəqil Türkiyə olmalarını, habelə bu il üçün 4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdıracaqlarını diqqətə çatdırıb: “20 il əvvəl illik ixracatımız cəmi 248 milyon dollar olduğu halda, 2021-ci ildə bu rəqəm 3 milyard 224 milyon dollara yüksəlib”.

Qeyd edək ki, Türkiyə cari ilin yanvarında 306,7; fevralında 325,1; martında 327; aprel ayında isə 392,1 milyon ABŞ dolları dəyərində hərbi təyinatlı müxtəlif məhsullar ixrac edib. Müqayisə üçün qeyd edək ki, Türkiyənin müdafiə və aviasiya məhsullarının ixracı 2019-cu ildə 2 milyard 740 milyon ABŞ dolları, 2020-ci ildə 2 milyard 279 milyon ABŞ dolları, 2021-ci ildə isə 3,2 milyard ABŞ dolları təşkil edib.

2021-ci ildə Türkiyənin müdafiə və aviasiya məhsulları daha çox ABŞ, Azərbaycan, Qətər, BƏƏ, Mərakeş və Almaniyaya tədarük edilib. Ən çox ixrac edilən hərbi vasitələr sırasında “Bayraktar TB2” və “Anka” tipli pilotsuz uçuş aparatları, TRG300, TRG230 raketləri, MAM-L və MAM-C sursatları, SARP döyüş modulu, top qüllələri, müxtəlif nəqliyyat vasitələr və dəniz platformaları yer alıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS