Türkiyə ATAK helikopterinin ilk partiyasını Filippinə çatdırıb
Türkiyənin TUSAŞ şirkəti tərəfindən Filippin üçün istehsal edilən T129 ATAK hücum və taktiki kəşfiyyat helikopterlərinin ilk partiyası sifarişçiyə çatdırılıb. Çatdırılma Türkiyə HHQ-yə məxsus TUAF209 və TUAF210 uçuş kodlu iki ədəd A400M nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib. A400M yük təyyarələri Filippindəki Klark aviabazasına eniş edib.
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə Filippin Müdafiə Nazirliyi arasında imzalanan Dövlətdən Dövlətə (G2G) beynəlxalq müqavilə çərçivəsində ixrac ediləcək 6 ədəd ATAK helikopterindən 2-si Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.
Filippin Milli Müdafiə Departamentinin (DND) mətbuat katibi Arsenio Andolonq növbəti iki helikopterin 2023-cü ildə, sonuncu ikisinin isə 2024-cü ildə təhvil veriləcəyini qeyd edib. Bu ixracat ilə Filippin ATAK helikopterlərindən istifadə edən ilk xarici ölkə oldu.
Qeyd edək ki, T129B ATAK-ın tədarükü bu helikopterlərdə istifadə edilən LHTEC T800-4A turboşaft mühərrikləri üçün ABŞ-ın ixrac icazəsini saxlaması ilə təxirə salınmışdı. Daha sonra mühərrik ixracının həyata keçirilməsinə icazə verildi, çünki ixrac məbləği 25 milyon dollardan aşağı idi, bu, NATO müttəfiqləri ilə əsas müdafiə satışlarını əhatə edən Konqresin nəzarəti üçün qanunla tələb olunan həddir.
LHTEC T800-4A mühərriki Amerikanın “Honeywell” və Britaniyanın “Rolls-Royce” şirkəti tərəfindən hazırlanır. T129 ATAK helikopteri hər biri 1373 at gücünə malik iki ədəd LHTEC-CTS800-4A “Turboşaft” mühərriki ilə təchiz edilib. Maksimum 281 km/saat sürətətlə uçuş həyata keçirən helikopter 3 saat havada qala bilir. ATAK helikopterinin maksimum uçuş məsafəsi 537 km, maksimum uçuş hündürlüyü 4572 metr təşkil edir.
Rizvan Fikrətoğlu