“Roketsan” Azərbaycana MAM-T mini ağıllı sursat tədarük edib

“Roketsan” Azərbaycana MAM-T mini ağıllı sursat tədarük edib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən MAM-T mini ağıllı sursatı Azərbaycana tədarük olunub.

“Poliqon” xəbər verir ki, yeni alınan sursat fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev HHQ-nin hərbi obyektlərini ziyarət edərkən nümayiş olunub.

MAM mini ağıllı sursat ailəsinin ən böyük və ən son üzvü MAM-T sursatıdır. “Roketsan” MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM-T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.

Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. MAM-T sursatının ilk atış testi 2021-ci il aprel ayının 22-də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olunub. “Bayraktar Akıncı” PUA-dan atılan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vura bilib. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat GPS və INS naviqasiya sistemi ilə dəstəklənə bilən yarı aktiv lazer arayıcı başlıq (LAB) ilə təchiz edilib.

“Roketsan” şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə IDEF-2021 sərgisində geniş ictimaiyyətə nümayiş etdirilib. MAM-T aviasiya sursatının ilk partiyası 2022-ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventara daxil edilib.

“Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM-T sursatı digər PUA-lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya edilə bilər. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM-T sursatı PUA-larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.

Hazırda MAM ağıllı sursatları Türkiyənin “Baykar” şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şirkətinin “Karayel”, habelə TUSAŞ şirkətinin “Anka”, “Aksungur” taktik PUA-larının və “Hürkuş” yeni nəsil təlim-döyüş təyyarəsinin silahlanmasında yer alır.

Həmçinin bax: Azərbaycan Türkiyədən MAM-T aviasiya sursatı alacaq – EKSKLÜZİV, PUA-ların ağıllı mini sursatları – TƏHLİL.

CATEGORIES
TAGS