Türkiyə HDQ P-72 təyyarəsinin sınaq uçuşlarını keçirib

Türkiyə HDQ P-72 təyyarəsinin sınaq uçuşlarını keçirib

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən həyata keçirilən “Meltem-3” layihəsi çərçivəsində Hərbi Dəniz Qüvvələrinə (HDQ) tədarük edilən P-72 dəniz patrul təyyarəsinin sınaq uçuşları keçirilib.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, P-72 dəniz patrul təyyarəsi sınaq uçuşu zamanı Yunanıstanın paytaxtı Afinanın 120-130 kilometrliyinə qədər yaxınlaşıb. Beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq hava məkanında həyata keçirilən uçuşdan sonra P-72 Türkiyədəki bazasına qayıdıb.

Sualtı qayıqlara qarşı mübarizə üçün olduqca effektiv hesab olunan P-72 təyyarələri təkmil radar sistemi, elektron mübarizə vasitələri, akustik emal sistemləri, Link 11 və Link 16 taktiki məlumat bağlantısı ilə təchiz edilib. Habelə, MK46 və MK54 torpedoları ilə silahlandırılıb.

“Meltem-3” layihəsi çərçivəsində tədarük edilən P-72 təyyarələrinin Türkiyə HDQ-nin dənizdəki gücünü daha da artıracağı bildirilib.

Qeyd edək ki, Türkiyə HDQ-yə ilk P-72 dəniz patrul təyyarəsi 2020-ci il dekabrın 10-da, növbəti 3 ədəd P-72 təyyarəsi 2021-ci ildə çatdırılıb. Beləliklə, HDQ-nin aviasiya parkına daxil olan P-72 dəniz patrul təyyarələrinin sayı 4-ə çatıb.

Ümumilikdə “Meltem-3” layihəsi əsasında Türkiyə Ordusunda dəniz nəzarəti və dəniz patrul vəzifələrində istifadə ediləcək 6 ədəd P-72 təyyarəsinin tədarükü nəzərdə tutulub. Son iki P-72 təyyarəsinin 2022-ci il ərzində sifarişçiyə çatdırılması planlaşdırılıb.

Bundan başqa, “Meltem” layihəsi çərçivəsində daha əvvəl tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi Türkiyə HDQ-nin silahlanmasında yer alır. “Meltem” layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

Onu da qeyd edək ki, “Meltem-3” layihəsində əsas podratçı İtaliyanın “Leonardo” şirkəti, subpodratçı olaraq Türkiyənin TUSAŞ, ASELSAN, HAVELSAN və MİLSOFT şirkətləri yer alıb.

Poliqon.az

CATEGORIES
TAGS