Türkiyə HDQ-yə 2 ədəd P-72 dəniz patrul təyyarəsi təhvil verilib

Türkiyə HDQ-yə 2 ədəd P-72 dəniz patrul təyyarəsi təhvil verilib

Türkiyənin Meltem-3 layihəsi çərçivəsində iki ədəd P-72 dəniz patrul təyyarəsi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bu barədə “Poliqon” Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

SSB tərəfindən həyata keçirilən Meltem-3 layihəsi çərçivəsində P-72 dəniz patrul təyyarəsi təşkil edilən mərasimdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına qəbul edilib. SSB başqanı İsmail Dəmir bildirib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrin strateji elementi kimi xidmət edən dəniz patrul təyyarələri ölkənin səmadakı gücünə güc qatır.

Qeyd edək ki, Türkiyə HDQ-yə 2020-ci il dekabrın 10-da ilk dəniz patrul təyyarəsinin təhvil verilməsindən sonra, 2021-ci ildə əlavə 3 ədəd dəniz patrul təyyarəsi və 1 ədəd dəniz çoxməqsədli hərbi təyyarəsinin çatdırılması həyata keçirilib. Beləliklə, HDQ-nin aviasiya parkına daxil olan P-72 dəniz patrul təyyarələrinin sayı 4-ə çatıb.

Ümumilikdə Meltem-3 layihəsi əsasında Türkiyə Ordusunda dəniz nəzarəti və dəniz patrul vəzifələrində istifadə ediləcək 6 ədəd P-72 təyyarəsinin tədarükü nəzərdə tutulub. Son iki P-72 təyyarəsinin 2022-ci il ərzində sifarişçiyə çatdırılması planlaşdırılır.

“Meltem” layihəsi çərçivəsində daha əvvəl tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasında yer alır. “Meltem” layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

Onu da qeyd edək ki, Meltem layihəsində əsas podratçı İtaliyanın “Leonardo” şirkəti, subpodratçı olaraq Türkiyənin TUSAŞ, ASELSAN, HAVELSAN və MİLSOFT şirkətləri yer alır.

Poliqon.az

CATEGORIES
TAGS