Türkiyə helikopterləri üçün Ukrayna mühərrikləri
ABŞ-ın AH-64 “Apache” helikopterinin Türkiyəli rəqibi Ukrayna istehsalı mühərriklə təchiz ediləcək.
“Poliqon” xəbər verir ki, “Turkish Aerospace Industries” (TAI) şirkətinin mətbuat xidməti Zaporojye şəhərində yerləşən “Motor Siç” zavodu ilə müqavilə imzaladığını elan edib.
Tərəflər sövdələşmənin təfərrüatlarını açıqlamır, lakin, imzalanmış müqavilədə 14 ədəd helikopter mühərrikinin tədarükünün yer aldığı məlumdur. Çox güman ki, bunlar ağır ATAK-II helikopterlərinin prototiplərini yoxlamaq üçün istifadə ediləcəkdir. İlk mühərrik cütlüyünin gələn ilin sentyabr ayında Türkiyəyə gətirilməsi gözlənilir. Müqavilə şərtlərinə əsasən bütün mühərriklərin tədarükünün 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Türkiyənin perspektiv layihəsi hələ rəsmi ad almayıb və “ağır sinif döyüş helikopteri” (Ağır Sınıf Taarruz Helikopteri) adlanır. TAI-də yeni helikopter ATAK-II olaraq da adlandırılır. Yeni helikopterin kütləsinin 10 tona qədər və ABŞ-ın AH-64 “Apache” helikopterinə bənzər zərbə qabiliyyətinə sahib bir döyüş maşını olacağı planlaşdırılır.
Əhəd Əzizov