Türkiyə HHQ daha bir T-70 helikopterini təhvil alıb

Türkiyə HHQ daha bir T-70 helikopterini təhvil alıb

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) TUSAŞ istehsalı olan yeddinci T-70 çoxməqsədli helikopterinin qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəbul işləri tamamlanan T-70 helikopteri 3-cü Əsas Jet Bazası Komandanlığının inventarına daxil edilib.

T-70 indeksli çoxməqsədli helikopter dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S-70i helikopterinin bazası və lisenziyası əsasında Türkiyədə hazırlanıb. Layihənin əsas podratçısı TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” (Türkiyə) və “Sikorsky” (ABŞ) şirkətləridir.

Layihə çərçivəsində T-70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərini, TEI ona güc verən T700 mühərikinin istehsalını, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrin həm istehsalını, həm də inteqrasiyasını yerinə yetirir.

Qeyd edək ki, TUSAŞ şirkəti Türkiyə HHQ-yə ilk T-70 çoxməqsədli helikopterini 2023-cü ilin yanvar ayında təhvil verib.

CATEGORIES
TAGS