Türkiyə İndoneziyaya “Kaplan MT” tankı ixrac edir
Türkiyənin FNSS şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan və sınaqları tamamlanan “Kaplan MT” orta ağır sinif tankın İndoneziya Ordusuna tədarükü başlayıb.
“Poliqon” xəbər verir ki, “Kaplan MT” tankı martın 15-də Tükiyədən İndoneziyaya yola salınacaq.
Türkiyə və İndoneziya arasında yüngül tank layihəsinə dair müqavilə 2014-cü ildə imzalanıb. FNSS-in “Akıncı” Zirehli Döyüş Maşınının (ZMA) bazasında müəyyən dəyişikliklər aparılmaqla yaradılan yüngül tank sinfinə aid edilən “Kaplan MT” döyüş texnikası İndoneziya şəraitinə, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılıb.
2019-cu ildə İstanbulda keçirilən IDEF-2019 sərgisində Türkiyə və İndoneziya arasında “Kaplan MT” tankının birgə istehsalına dair imzalanan müqavilə əsasında FNSS müəssisələrində kütləvi istehsal işlərinə başlanılıb. Müqavilə çərçivəsində 18 ədəd “Kaplan MT” tankı istehsal edilməli, ilk 10 tank Türkiyədə FNSS şirkətinin müəssisələrində, qalan 8 tankın istehsalı isə İndoneziyada həyata keçirilməlidir.
“Kaplan MT” Türkiyənin orta ağır tank sinifində ilk ixracat müqaviləsi olması ilə yanaşı İndoneziya və Türkiyə arsında Müdafiə Sənayesi Əməkdaşlıq Sazişləri çərçivəsində imzalanan və nəticə əldə olunan ilk layihədir. İstehsal, “PT Pindad” mühəndislərinin və İndoneziya Ordusundan son istifadəçilərin iştirakı ilə FNSS təsislərində seriyalı istehsalın son dizaynına qərar verildikdən sonra başlayıb.
“Kaplan MT”nin daxili bölməsi, əsas döyüş tankında olduğu kimi gövdənin ön mərkəzində sürücü bölməsi, mərkəzdə komandir və topçu bölməsi yerləşir. Tankın ballistik və mina mühafizəsi STANAG 4569 Level-4 səviyyəsinə cavab verir. 360°-də 14,5 mm çaplı atıcı silahlardan, 30 mm-dən 155 mm-ə qədər olan topların qəlpələrindən, o cümlədən pistin və döşəmənin altında 10 kq TNT mina partlamasından mühafizə oluna bilir.
Tam avtomatik elektron idarə olunan transmissiya və dizel mühərriki ilə təchiz edilən “Kaplan MT”nin maksimum sürəti 70 km/saatdır.
Rizvan Fikrətoğlu