Türkiyə istehsalı olan “Boran” topunun ilk xarici müştərisi müəyyənləşib

Türkiyə istehsalı olan “Boran” topunun ilk xarici müştərisi müəyyənləşib

Şimali Makedoniya Türkiyənin 105 mm-lik “Boran” yedəkdə daşınan yüngül artilleriya topunun ilk xarici istifadəçisi olacaq.

“Poliqon” xəbər verir ki, bununla bağlı Şimali Makedoniyanın yerli məbuatında məlumat yayılıb.

Məlumatda bildirilib ki, Şimali Makedoniya Türkiyədən hər birində 6 ədəd olmaqla 3 batareya (ümumilikdə 18 ədəd) “Boran” topu sifariş edib. Onlardan birinci batareyanın qarşıdakı ilk 2 il müddətində, digər ikisinin isə 2029-2031-ci illər ərzində Makedoniya Ordusuna təhvil verilməsi planlaşdırılıb.

Qeyd olunub ki, NATO üzvü olan Şimali Makedoniyanın bu sistemləri almasında məqsədi ordusundakı soyuq müharibə dövründən qalan köhnə silahları yeniləri ilə əvəzləyərək Silahlı Qüvvələrini modernləşdirmək və gücləndirməkdir.

105 mm-lik “Boran” topu Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla, çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Top gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran” topunun atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

Xatırladaq ki, “Boran” beynəlxalq standartlardakı 24 sınaqdan uğurla keçərək 2021-ci ilin yanvarında Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul olunub. Onun ilk partiyası ötən ilin dekabr ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS