Türkiyə müdafiə sənayesi ixrac ekspedisiyasına başlayıb

Türkiyə müdafiə sənayesi ixrac ekspedisiyasına başlayıb

Türkiyənin müdafiə sənayesi yeni ixrac imkanları üçün bu il 8 ölkədə keçiriləcək beynəlxalq sərgidə milli pavilyonla iştirak edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib.

İsmail Dəmir Türkiyənin müdafiə və aviasiya sənayesinin keçən ilki ixracının 3 milyard 224 milyon ABŞ dolları dəyərində olduğunu xatırladaraq, bu il Türkiyənin hədəfinin 4 milyard ABŞ dollarını keçmək olduğunu qeyd edib.

Türkiyə şirkətləri cari ilin martın 21-23-də keçiriləcək DIMDEX-2022 sərgisi üçün Qətərə, martın 28-31-də keçiriləcək DSA-2022 sərgisi üçün isə Malayziyaya yola düşəcək. Ötən illərdə Türkiyə şirkətləri Malayziyada əməkdaşlıq üçün müxtəlif sazişlər və anlaşma memorandumları imzalayıb. Əsasən TUSAŞ şirkəti olmaqla, Türkiyə Malayziyada 18 ədəd yüngül hücum təyyarəsi tenderində yeni öhdəliklər götürməyi hədəfləyib. Türkiyə bu il, həmçinin, Qətərdə Doha Beynəlxalq Dəniz Müdafiəsi Konfransında da iştirak edəcək.

Türkiyənin müdafiə sənayesi şirkətləri aprelin 5-10 tarixlərində Cənubi Amerika regionunun ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan FIDAE-2022-də iştirak üçün Çiliyə səfər edəcəklər. Türkiyə şirkətləri Çili başda olmaqla Argentina, Braziliya, Kolumbiya və Peru kimi ölkələrlə əməkdaşlıq imkanlarını dəyərləndirməyə çalışacaq.

Sentyabrın 6-8-də keçirilməsi planlaşdırılan Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX) Türkiyə şirkətləri də iştirak edəcək. Türkiyənin son illərdə ən böyük iştirakçısı olduğu ADEX Cənubi Qafqaz və Orta Asiya regionunun ən əhəmiyyətli müdafiə sənayesi sərgiləri sırasındadır.

Türkiyə şirkətlərinin aprelin 27-29-da Filippinin paytaxtı Manilada keçiriləcək Asiya Müdafiə və Təhlükəsizlik (ADAS 2022), sentyabrın 21-25-də Cənubi Afrikada Afrika Aerokosmik və Müdafiə, noyabrın 2-5-də İndoneziyada Beynəlxalq İndoneziya Müdafiə, habelə, noyabrın 15-19-da Pakistanda İDEAS-2022, sərgisində iştirakı gözlənilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS