Türkiyə Quru Qoşunları arsenalını OMTAS raketləri ilə gücləndirir

Türkiyə Quru Qoşunları arsenalını OMTAS raketləri ilə gücləndirir

Türkiyə Quru Qoşunları açıqlanmayan sayda OMTAS orta mənzilli tank əleyhinə raketin və Uzun Mənzilli Akustik Sistemin qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd edək ki, “Roketsan” şirkətinin inkişaf etdirdiyi OMTAS döyüş meydanındakı zirehli təhdidlərə qarşı təsirli olan orta mənzilli tank əleyhinə silah sistemidir. Raket, gecə-gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sayəsində işləyə bilir. Orijinal və yeni nəsil quruluşu ilə seçilən milli olaraq hazırlanmış OMTAS kompleksi, əsasən tam ölçülü raketi, atəş platformasını, atəşi idarəetmə bloku-müşahidə blokunu, atəşi idarəetmə bloku-idarəetmə blokunu özündə birləşdirir. OMTAS kompleksi buraxma sistemindən (raket, atəş platforması, atəş idarəetmə blokları), nəqliyyat qutularından və təlim trenajorundan ibarətdir.

Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyətini təmin edir. Raket atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın-unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at-yenilə” uçuş rejimlərinə malikdir. Dəqiq idarəetmə-nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, OMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

Sistemin xüsusiyyətləri gecə və gündüz və bütün hava şərtlərində tapşırıqları yerinə yetirmə imkanından, sabit və hərəkətli hədəflərə qarşı istifadə edilməsindən, hədəf yeniləmə qabiliyyətinin çevikliyindən (hədəfdəki hücum nöqtəsinin yenilənməsi, uçuş zamanı hədəflərin dəyişdirilməsi, yüksəklik arxasından asma atışın aparılması), koordinatlar üzrə atış imkanından, sinif və yerləşdirilmiş tip trenajorlarının mövcudluğundan, modul tipli buraxma sisteminin olmasından və ayrı-ayrılıqda istifadə edilə bilən TV/Termal kamera müşahidə blokunun olmasından ibarətdir.

OMTAS kompleksi üçayaqlı dəzgahdan başqa, onu açıq və ya qapalı tipli qüllə kimi inteqrasiya edilərək müxtəlif növ yerüstü platformalarda da yerləşdirilərək tətbiq edilə bilir. 160 mm çaplı OMTAS raketinin uzunluğu 1800 mm, kütləsi 35 kq (raket və nəqletmə-buraxma borusu) – 36 kq (üçayaqlı buraxma sistemi) təşkil edir. Raketin atış məsafəsi 200 – 4000 metr, istifadə hündürlüyü 300 – 3000 metrdir. OMTAS reaktiv zirehə qarşı tandem; yüksək partlayıcı qəlpəli; termobarik döyüş başlıqları ilə dəstləşdirilir. TV / termal kamera nişanalma dəsti ilə təchiz olunan OMTAS kompleksi hədəfə düzünə dəymə / üstdən dəymə rejimlərində işləyir. Yüngül zirehli və zirehsiz texnikalar, silahlı birliklərə qarşı tətbiq edilən raket kompleksi ətraf mühitin -35OC…+60OC temperaturda istifadə edilə bilir.

CATEGORIES
TAGS