
Türkiyə Quru Qoşunları inventarını BOYGA PUA-larla gücləndirir
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda yeni BOYGA pilotsuz uçuş aparatının (PUA) qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
STM şirkətinin taktiki mini PUA ailəsinin üzvü olan BOYGA təkmil ballistik qiymətləndirmə alqoritmi sayəsində daşıdığı xüsusi 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə buraxır.
Terrorla mübarizədə və asimmetrik müharibə mühitində effektiv şəkildə istifadə edilə bilən BOYGA, minaatan sursatı ilə 30 dəqiqə havada qalma müddətinə malikdir. PUA-nın maksimum uçuş tavanı 3000 metr və əməliyyat mənzili 10 kilometrdir. 17 kq ağırlığa sahib olan BOYGA tək bir personal tərəfindən daşına bilir.