
TUSAŞ şirkətinin istehsal etdiyi T625 GÖKBEY çoxməqsədli helikopteri Türkiyə Quru Qoşunlarına təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.
Sədr bildirib ki, bu, Quru Qoşunlarına təhvil verilən ilk T625 GÖKBEY helikopteridir. Bundan əvvəl, Jandarma Baş Komandanlığına 5 ədəd T625 helikopteri çatdırılıb. Ümumi olaraq, indiyə qədər şirkət tərəfindən müştərilərə 6 ədəd T625 helikopteri təhvil verilib.
“Tamamilə yerli imkanlarla layihələndirilən, sınaqdan keçirilən və sertifikatlaşdırılan GÖKBEY helikopteri yüksək hündürlükdə və müxtəlif iqlim şəraitlərində, gecə-gündüz əməliyyatlar həyata keçirmək qabiliyyətinə malikdir. O, əsasən şəxsi heyətin daşınması və logistika dəstəyi olmaqla yanaşı, çoxşaxəli istifadə imkanları təqdim edir.
GÖKBEY platformasında istifadə olunan transmissiya, rotor və eniş qurğuları kimi kritik alt sistemlərin də milli imkanlarla istehsal edilməsi, müdafiə sənayemizin çatdığı mühəndislik səviyyəsinin konkret göstəricisidir”, – deyə H.Görgün vurğulayıb.






