Türkiyə Rusiya ilə S-400 ZRS-in ikinci partiyasının alınmasına dair danışıqlar aparır
Türkiyə Rusiyadan S-400 “Triumf” zenit-raket sistemin (ZRS) ikinci partiyasının alınması üçün danışıqlar aparır.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “TRT Haber” kanalında ona verilən sualları cavablandırarkən deyib.
İlk S-400 ZRS partiyasının alındığını xatırladan İsmail Dəmir, müqavilə çərçivəsində ikinci partiyanın alınacağı ilə bağlı danışıqların davam etdiyini bildirib: “Biz masaya 2 partiya sistem üçün oturduq”.
Qeyd edək ki, Türkiyə hökuməti ordunun ehtiyaclarını qarşılamaq məqsədilə 2017-ci il sentyabr ayında Rusiya ilə 4 divizion S-400 ZRS-nin satın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib. Bu razılaşma ilə Türkiyə Rusiyadan S-400 alan ilk NATO ölkəsi olub.
Razılaşma çərçivəsində 1,3 milyard ABŞ dolları dəyərində olan ilk tədarük 2019-cu il iyul ayından etibarən çatdırılıb.
Türkiyənin Rusiyadan S-400 almasına sərt reaksiya göstərən ABŞ 2020-ci ilin dekabrında F-35 “Lightning II” döyüş təyyarələrinin Türkiyəyə verilməsinə embarqo tətbiq edib.
S-400 ZRS 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Sistem 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.
S-400 sisteminə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.
Rizvan Fikrətoğlu