Türkiyə Rusiyadan S-400 “Triumf” ZRK-lərin ikinci partiyasını alacaq
Türkiyə Rusiya istehsalı olan S-400 “Triumf” zenit-raket kompleksinin (ZRK) ikinci partiyasını alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev açıqlama verib.
Direktorun sözlərinə görə, Türkiyə ilə Rusiya S-400 “Triumf” ZRK-nin ikinci partiyasının alqı-satqısına dair yeni müqavilə imzalamaq üzrədir.
Xarırladaq ki, Rusiya ilə Türkiyə arasında S-400 ZRK-lərin tədarükü ilə bağlı danışıqlar ilk dəfə 2016-cı ilin noyabrında baş tutub və 2017-ci ilin sentyabrında iki ölkə arasında 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi alınması barədə müqavilə imzalanıb. 2019-cu ilin noyabr ayında Rusiya Türkiyəyə S-400 “Triumf” ZRK-nin ilk partiyasını təhvil verib. Bununla Türkiyə Rusiyadan S-400 hava hücumuna qarşı müdafiə sistemini əldə edən birinci NATO ölkəsidir.
S-400 ZRK 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Kompleks 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.
S-400 kompleksinə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.
Rizvan Fikrətoğlu