Türkiyə və İspaniya arasında reaktiv təlim təyyarələri ilə bağlı anlaşma memorandumu imzalanıb
Türkiyə Müdafiə Sənayesi Başqanlığı və İspaniya Müdafiə Nazirliyi arasında reaktiv təlim təyyarəsi layihəsi üzrə əməkdaşlığın əsasını təşkil edəcək anlaşma memorandumu imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bu mühüm razılaşmanın Türkiyənin həm müstəqil texnologiyaları inkişaf etdirmək məqsədinin, həm də dost və müttəfiq ölkələrlə güclü əməkdaşlığının göstəricisi olduğu bildirilib.
Qeyd edək ki, İspaniya Hava-Kosmik Qüvvələri uzun müddətdir köhnəlmiş F-5 təyyarələrindən ibarət olan reaktiv mühərrikli təlim təyyarələri parkını yeniləmək istəyir. İspaniya F-5-ləri əvəzləmək üçün “Korea Aerospace Industries”in T-50 (Cənubi Koreya), “Leonardo”nun M-346 (İtaliya) və TUSAŞ-ın HÜRJET (Türkiyə) təlim təyyarələrini qiymətləndirir.
Bu ayın əvvəli İspaniyanın Müdafiə üzrə Dövlət Katibi Amparo Valcarce yerli mətbuata açıqlamasında vurğulayıb ki, köhnə F-5-lərin yeni təlim təyyarələri ilə əvəzlənməsi İspaniya Müdafiə Nazirliyinin satınalma layihələri arasında birinci yerdədir.
Hazırda bunun üçün fərqli namizədlərlə danışıqların aparıldığını söyləyən A.Valcarcenin sözlərinə görə, onların arasında Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsi önə çıxır.