Türkiyə və Özbəkistan müdafiə sənayesi sahəsində əməkdaşlığını gücləndirir
Fransanın keçirilən “Eurosatory-2024” sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə Özbəkistanın Müdafiə Sənayesi Agentliyi arasında mövcud əməkdaşlığı qiymətləndirmək və gələcək layihələri müzakirə etmək üçün görüşlər keçirilib.
“Poliqon” “DefenceTurk” nəşrinə istinadən xəbər verir ki, görüşlər zamanı iki ölkənin müdafiə sənayesi sahəsindəki mövcud əməkdaşlığı təhlil edilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, NATO standartlarında sursat istehsal qabiliyyətinin Özbəkistana ötürülməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
MKE şirkətinin məsələ ilə bağlı verdiyi açıqlamada bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətinə toxunulub: “Müdafiə sənayesi sahəsində Özbəkistanla uzun illər davam edən əməkdaşlığımız bu yeni addımlarla daha da möhkəmlənəcək. MKE olaraq biz öz qabaqcıl texnologiyamızı və biliklərimizi dost və qardaş ölkəmiz Özbəkistanla bölüşməkdən çox məmnunuq.
Bu əməkdaşlıq müdafiə imkanlarımızın qarşılıqlı şəkildə möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir. Bu görüşlər iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi və müdafiə sənayesində mühüm layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımdır”.