Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına 50 ədəd PUA və 100-dən çox dron cəlb olunub

Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına 50 ədəd PUA və 100-dən çox dron cəlb olunub

Türkiyədə zəlzələ nəticəsində dağıntıların altında qalan insanların qurtarılması üçün axtarış-xilasetmə əməliyyatlarına 50 ədəd müxtəlif tipli pilotsuz uçuş aparatı (PUA) və 100-dən artıq multikopter tipli dron cəlb olunub.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarında istifadə olunan pilotsuz uçuş aparatları arasında HAVELSAN şirkətinin BAHA, “Baykar”ın “Akıncı” və “Bayraktar TB2”, TUSAŞ-ın “Anka” və “Aksungur”, “Altınay”ın isə “Albatros” nəqliyyat PUA-ları yer alıb. Bu əməliyyatlar zamanı onların əldə etdiyi cəmi uçuş müddəti 1000 saatdan artıq olub.

Həmçinin, başda ASELSAN olmaqla bir sıra yerli texnologiya şirkətlərinin çox sayda termal kameralarından, yeraltı görüntüləmə, aşkarlama və divar arxası radarlarından istifadə edilib.

Bundan başqa siyahıya günəş enerjisi ilə çalışan cihazlar, generatorlar, projektorlar və mühəndis avadanlıqları daxildir.

Qeyd edək ki, bu sistemlərin hər biri Türkiyənin müdafiə sənayesi tərəfindən yerli formada istehsal olunur.

Poliqon.az

CATEGORIES
TAGS