Türkiyədə “Sualtı qayıq Hovuzu” üzən tərsanəsi inventara daxil edilib
Türkiyə Milli Müdafiə Nazirliyinə (MSB) bağlı ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən 3000 ton tutumlu “Sualtı qayıq Hovuzu” üzən tərsanəsinin qəbul fəaliyyətləri tamamlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, nazirliyin inventarına daxil edilən “Sualtı qayıq Hovuzu”, MSB-yə bağlı olan “Gölcük” tərsanəsində xidmət göstərəcək.
Qeyd edək ki, “Sualtı qayıq Hovuzu” layihəsi əsasında hazırlanan üzən tərsanə Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarındakı sualtı qayıqlara təkmilləşdirmə, təmir və texniki dəstəyin göstərilməsi üçün nəzərdə tutulub. ASFAT-ın baş podratçılığı ilə reallaşdırılan layihə çərçivəsində 30-dan çox subpodratçı fəaliyyət göstərib.
Hərbi gəmi standartlarında inşa olunan “Hovuz”un dam örtüyü 100 knot sürətindəki şiddətli küləyə qarşı dözümlüdür. “Hovuz” ümumilikdə 42 personalı 5 gün müddətində əlavə təminat olmadan saxlamaq imkanına malikdir.
Dörd ədəd dizel generatoru ilə təchiz edilən üzən tərsanə, bunun sayəsində limandan asılı olmadan müstəqil formada və açıq dəniz şəraitində sualtı gəmilərə təmir və texniki dəstək göstərə bilir.
Boş çəkisi 4000 ton olan “Hovuz” 3000 ton ağırlığında qaldırma qabiliyyətinə sahibdir. Tərsanənin ümumi uzunluğu 105 m, eni 25.1 m, daxili hissəsinin eni 17.05 m və hündürlüyü 19.95 metrdir. Suya dalma dərinliyi 16.5 metr olan “Hovuz” bu dərinliyə 75 dəqiqəyə çatmaq imkanına sahibdir.
Xatırladaq ki, Milli Müdafiə Nazirliyi (MSB) “Gəmiqayırma Zavodları Baş İdarəsi” və ASFAT arasındakı “3000 Tonluq Sualtı qayıq Hovuzu Tədarükü” müqaviləsi 17 dekabr 2019-cu ildə imzalanıb. Ötən ilin avqust ayında isə üzən tərsanə suya buraxılıb.