Türkiyənin “Anka” PUA-ları Qazaxıstanda istehsal ediləcək
Türkiyənin “Anka” pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsal olunması planlaşdırılıb.
TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, bununla bağlı Ankarada Qazaxıstanın “Kazakhstan Engineering” və TUSAŞ şirkətləri arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanıb.
“TUSAŞ keçən il “Anka” PUA-lar üzrə ixrac müqaviləsi imzalanmış Qazaxıstanla yeni əməkdaşlıq müqaviləsi imzalayıb. TUSAŞ ilə “Kazakhstan Engineering” arasında imzalanan Anlaşma Memorandumuna əsasən, ANKA PUA Qazaxıstanda birgə istehsal ediləcək. Birgə istehsalla yanaşı, texniki xidmət və təmir prosesləri də daxil olmaqla texnologiyanın ötürülməsi məsələləri üzrə əməkdaşlıq həyata keçiriləcək”, – deyə TUSAŞ şirkətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Qazaxıstanda planlaşdırılan istehsal “Anka” PUA-ların Türkiyə xaricində ilk istehsal bazası olacaq.
“Bu sahədə kadrların hazırlanması və Qazaxıstanın PUA istehsalı üzrə imkanlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım atılıb”, – deyə TUSAŞ şirkəti qeyd edib.
Memorandum Qazaxıstan prezidenti Kasım-Comərd Tokayevin Türkiyəyə dövlət səfəri çərçivəsində imzalanıb.
Qeyd edək ki, “Anka” kəşfiyyat və zərbə PUA Türkiyədə yaradılıb, ilk uçuşunu 2010-cu il dekabrın 30-u tarixində yerinə yetirib və 2013-cü ildən bəri istismar olunur. PUA adını türkcə “Zümrüd-ü Anka” adlandırılan mifoloji varlıq olan Feniksdən alıb. Artıq döyüş şəraitində də sınaqdan keçirilib. Belə ki, PUA Türkiyə tərəfindən Suriyada həyata keçirilən “Bahar qalxanı hərəkatı” (“Bahar Kalkanı Harekâtı”) əməliyyatı zamanı istifadə edilib.
PUA-nın maksimal uçuş kütləsi 1700 kq-dır və 350 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Faydalı yüklə birlikdə maksimal 9140 metr yüksəklikdə uçuş müddəti 30 saata qədərdir. Maksimal bağlantı radiusu 250 km, kreyser sürəti saatda 200 km-dir. Qanad açıqlığı 17,5 metr, uzunluğu 8,6 metr və hündürlüyü 3,25 metrdir.
Silahlanmasına “Roketsan” şirkətinin istehsalı olan 8 ədəd “Cirit” idarə olunan tank əleyhinə raket və ya 4 ədəd yarıaktiv lazer özütuşlama başlıqlı kiçik ölçülü MAM-L bombası daxildir.
Açıq mənbələrin məlumatına görə, 3 ədəd “Anka” PUA, 3 ədəd mobil idarəetmə stansiyası və köməkçi avadanlıqdan ibarət ixrac dəstinin qiyməti 80 milyon ABŞ dollarına bərabərdir. Hazırda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı Tunis və Qazaxstan orduları tərəfindən də alınıb.
Əhəd Əzizov