Türkiyənin “Eurofighter” qırıcılarına ehtiyacı var
Türkiyənin “Eurofighter” döyüş təyyarələrinə ehtiyacı var və onlar F-16 üçün çox yaxşı alternativdir.
“Poliqon” xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Milli müdafiə naziri “Eurofighter”in gündəmdəki yeni mövzu olmadığını və Türkiyənin 2-3 ildir bu məsələ üzərində işlədiyini vurğulayıb: “Bundan başqa, nazirliyimiz məndən əvvəl çox böyük səylər göstərmişdir. Baş Qərargah rəisi olduğum müddətdə görüşlərimiz olub. Təbii ki, biz alternativ axtarırıq. Əgər dostlarımızla danışdığımız məsələləri reallaşdıra bilsək, bəlkə buna ehtiyacımız olmayacaq, amma indi ehtiyacımız var. “Eurofighter”lər çox yaxşı alternativdir. Biz bunu bilirik və əldə etmək istəyirik”.
F-16-larla bağlı məsələyə toxunan Yaşar Güler bildirib ki, hazırda bu döyüş təyyarələrinin satın alınmasına dair ABŞ ilə davam edən prosesdə heç bir problem görünmür.
Qarşıdakı dövr ərzində Türkiyənin 5-ci nəsil döyüş təyyarəsinə sahib olacağını söyləyən milli müdafiə naziri, KAAN qırıcısının ilk uçuş sınağını dekabrın 27-də həyata keçirəcəyini qeyd edib.