Türkiyənin “Fırtına” haubitsaları yerli UTKU mühərriki ilə təchiz ediləcək
Türkiyənin “Fırtına” özüyeriyən haubitsaları yerli “BMC Power” şirkəti tərəfindən hazırlanan 1000 at gücündəki UTKU mühərriki ilə təchiz ediləcək.
“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, bunu BMC şirkətinin rəsmiləri “BMC Power”in Sakarya şəhərində yerləşən istehsal müəssisəsində yerli mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
Bildirilib ki, UTKU mühərriki Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə əldə olunan razılaşma əsasında hazırlanıb. V8 tipli bu mühərrik “Fırtına” özüyeriyən haubitsaları ilə yanaşı, digər zirehli nəqliyyat vasitələrinin də hərəkətə gətirilməsi üçün nəzərdə tutulub.
Şirkət rəsmiləri mühərriklə bağlı ayrı-ayrı hissələrin həm dizayn, həm də sınaq işlərinin tamamlandığını və qarşıdakı ilk 2 ay ərzində tam şəkildə yığılaraq “güc qurğusu” halında testlərinin keçiriləcəyini qeyd edib.
Hazırda inkişaf və sınaq mərhələsi davam edən mühərrikin 2025-ci ildən etibarən “Fırtına”lara quraşdırılaraq istifadə ediləcəyi planlaşdırılıb.
Təxminən 3000 hissədən ibarət olan UTKU mühərrikinin indiyə kimi 10 prototipi hazırlanaraq test edilib.
Həmçinin qeyd olunub ki, “BMC Power” tərəfindən hazırlanan və “Vuran” zirehli nəqliyyat vasitələrində istifadə ediləcək 400 at gücünə malik olan TTZA mühərriki bu gün keçiriləcək mərasim ilə BMC şirkətinə təhvil veriləcək.