
Türkiyənin MKE TOLGA HHM sistemi hədəfləri yüksək dəqiqliklə məhv edib – VİDEO
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti müasir döyüş meydanında artan mini/mikro PUA və taktiki dron təhdidlərinə, ağıllı sursat və qanadlı raket hücumlarına qarşı yerli və milli imkanlarla inkişaf etdirdiyi MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemini atış sınağı nümayişi ilə 14 ölkəyə təqdim edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin Karapınar Atış, Sınaq və Qiymətləndirmə Mərkəzində keçirilən tədbirdə ABŞ, Fransa və Polşa da daxil olmaqla Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya və Afrika ölkələrini təmsil edən hərbi və diplomatik nümayəndələrdən ibarət 30 nəfərlik heyət iştirak edib.
MKE-nin baş direktoru İlhami Keleşin ev sahibliyi etdiyi tədbirdə xarici ölkə nümayəndələrinə MKE TOLGA HHM sisteminin texniki xüsusiyyətləri haqqında təqdimatdan sonra atış sınaqlarına başlanılıb.
Quru qoşunlarının qorunması, kritik obyektlərin mühafizəsi, hərəkətdə olan avtomobil kolonlarının təhlükəsizliyi, bazaların və yaşayış məntəqələrinin müdafiəsi, habelə dəniz platformalarının qorunması üçün “EFFEKTİV–SADƏ–UCUZ” yanaşması ilə hazırlanan MKE TOLGA, ikinci atış fəaliyyətində 8 fərqli ssenari üzrə hücum edən düşmən dronlarını bir daha 100% dəqiqliklə məhv edib.
“Soft-kill” ssenarisinə əsasən, təxminən 3 km məsafədəki düşmən dronu mobil radar stansiyası vasitəsilə aşkar edildikdən sonra “jammer” vasitəsi ilə siqnalı pozularaq zərərsizləşdirilib.
“Hard-kill” ssenarilərində isə sistemdə yerləşən iki ədəd sabit 12.7 mm, eləcə də nəqliyyat vasitəsi üzərinə quraşdırılan fırlanan lüləli 12.7 mm və 20 mm-lik silah sistemləri ilə həm dronlar, həm də sabit qanadlı pilotsuz uçuş aparatları MKE tərəfindən xüsusi olaraq hazırlanmış antidron sursatı ilə tam dəqiqliklə vurulub.
Atış sınağının uğurla başa çatmasının ardından xarici ölkə heyətləri MKE TOLGA sisteminin komponentlərini yaxından incələyib. Sistemlə bağlı təəssüratlarını bölüşən nümayəndələr baş direktor İlhami Keleşi təbrik edərək sistemin sınaqlardakı nəticələrini yüksək qiymətləndiriblər.
MKE TOLGA, yerli sursat ailəsi sayəsində Türkiyə və təhlükəsizlik qüvvələrinə əməliyyat müstəqilliyi baxımından mühüm üstünlüklər təmin edəcək. Müasir döyüş şərtləri nəzərə alınaraq MKE mühəndisləri tərəfindən hazırlanan sistem həm də sərfəli qiymət xüsusiyyəti ilə seçilir. Modul quruluşu sayəsində MKE TOLGA sabit obyektlərə, mobil platformalara, zirehli və ya zirehsiz nəqliyyat vasitələrinə, eləcə də dəniz platformalarına inteqrasiya oluna bilir.
Dünyada artan dron təhdidlərinə qarşı kompleks həll təqdim edən MKE TOLGA HHM sistemi, komanda-idarəetmə mərkəzi vasitəsilə mexaniki, yarı avtonom və avtonom olmaqla 3 müxtəlif rejimdə effektiv fəaliyyət göstərə bilir. Bu HHM sistemi tamamilə yerli və milli imkanlarla MKE tərəfindən hazırlanan jammer, elektro-optik və radar sistemləri ilə yanaşı, 35 mm, 20 mm və iki tip 12.7 mm-lik silah sistemi və bu silahlar üçün xüsusi hazırlanmış qəlpəli sursat vasitəsilə hədəfləri yüksək dəqiqliklə məhv edir.
