Türkiyənin müdafiə sənayesi sektorunda yeni şirkət – “Özyurt Silah Sanayi”
Türkiyənin müdafiə sənayesi sektorunda yeni fəaliyyətə başlayan “Özyurt Silah Sanayi” şirkəti ilk dəfə İDEF-2021 sərgisində stendlə təmsil olunub və istehsal etdiyi silahlarını nümayiş etdirib.
“Poliqon”un məlumatına görə, “Özyurt Silah Sanayi” şirkəti tərəfindən yeni istehsal edilən BMZ-338 snayper tüfəngi ABŞ ordusu başda olmaqla NATO-ya üzv olan ölkələrin inventarında yer alan snayper tüfənginin analoqudur. 8.6×70 mm çaplı və istifadəsi asan olan BMZ-338 snayper tüfənginin effektiv atış uzaqlığı 1500 metr təşkil edir.
NATO ölkələrinin ordusunun ən çox istifadə etdiyi snayper tüfəngin əsasında hazırlanan “Yiğit–21” snayper tüfəngi 7.62×51 mm kalibrli patronlardan istifadə edir və effektiv atış məsafəsi 1150 metrdir.
“Özyurt Silah Sanayi” şirkətinin sərgidə nümayiş etdirdiyi və maraqla qarşlanan ASI-21 hücum tüfəngi Türkiyədə ilk AK əsaslı piyada tüfəngidir. Kütləsi 3,5 kq olan ASI-21 hücum tüfəngi 7.62×39 mm kalibrli patronlardan istifadə edir və effektiv atış məsafəsi 400 metr təşkil edir.
Bundan başqa “Özyurt Silah Sanayi” İDEF-2021 sərgisində EFE-19 adlı tapançasını tanıdıb. 9×19 mm çaplı EFE-19 tapançası 15+1 patron tutumlu, iki tərəfli boşaltma mexanizminə və polimer gövdəyə malikdir. EFE-19 tapançası görünüşü və asan istifadəsi ilə ziyarətçilərin diqqətini çəkib.
“Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri İhsan Özyurt “Poliqon”a verdiyi açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət təxminən 1 il əvvəl qurulub: “Hazırda istehsl etdiyimiz snayper silahları, hücum tüfəngləri, 9 mm-lik tapança modelimiz və 12.7 mm ağır pulemyotumuzla başda Türkiyə Ordusu, Əmniyyət Baş İdarəsi və Xüsusi Əməliyyat Başqanlığı olmaqla müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq üçün bu yola çıxdıq”.
IDEF-21 beynəlxalq müdafiə sənayesi sərgisindəki gözləntilərindən və görüşmələrindən danışan İhsan Özyurt bildirib ki, sərgi çərçivəsində stendlərini ziyarət edənlərdən gözlədiklərindən daha çox maraq görüblər.
“Sərgi başlayandan son günə qədər stendimizi yerli və xarici mediyanın, xüsusən də dövlətimizin müvafiq orqanlarının nümayəndə heyətləri ziyarət edib və nümayiş etdirdiyimiz müdafiə təyinatlı məhsullarla yaxından maraqlanıblar. Bir çox ölkələrin, xüsusən də Türkiyənin nümayəndə heyətləri ilə sifariş əsaslı danışıqlar aparılıb,” – deyə “Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri vurğulayıb.
İhsan Özyurt bildirib ki, “Özyurt Silah Sanayi” 2021-ci ildə 4 müxtəlif təyinatlı hərbi məhsulu və “Ar–Ge” (araşdırma-inkişaf) işləri başa çatmaq üzrə olan 12.7 mm-lik ağır pulemyotu ilə sektorun beynəlxalq bazarında iz qoyacaq.
“Özyurt Silah Sanayi”nin gələcək planları barədə məlumat verən şirkət rəhbəri hər şeydən əvvəl, qısa müddət ərzində əldə etdikləri sürətli irəliləyiş, uzun illər dünya müdafiə sektorundakı işlərindən əldə etdikləri təcrübə və müştəri portfeli sayəsində qazanıldığını deyib.
“Bu çərçivədə əlaqədar məhsulları bu sektorda bir çox ölkəyə satmağı planlaşdırırıq və artıq xeyli miqdarda sifariş almışıq. Yarandığı gündən etibarən Orta Şərq bölgəsi ölkələri, Körfəz ölkələri və bir çox Afrika ölkəsi ilə həm peşəkar, həm də ikitərəfli münasibətlər kontekstində ticari dialoqlarımızı davam etdiririk.
Mövcud bazarlara daha keyfiyyətli xidmət göstərmək və yeni bazarlara çıxmaq üçün məsləhətçilərimiz, “Ar-Ge” qrupu və xarici ticarət mütəxəssislərimizlə fasiləsiz işləyirik. Bu çalışmaların işığında gələcək planlarımız sektora yeni məhsullar təqdim etmək və ölkəmiz adına dünya platformasında əhəmiyyətli bir iz buraxmaqdır”, – deyə Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri vurğulayıb.