Türkiyənin TÜRKSAT-6A peyki orbitə buraxılıb

Türkiyənin TÜRKSAT-6A peyki orbitə buraxılıb

Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT-6A ABŞ-ın Florida ştatından “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi ilə orbitə buraxılıb.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, bununla da Türkiyə öz rabitə peyklərini istehsal edə bilən 10 ölkədən ibarət qrupa qoşulub.

TÜRKSAT-6A, ASELSAN şirkətinin mühəndisləri tərəfindən hazırlanan Ku-Band və X-Band rabitə yükləri ilə təchiz edilib ki, bunlar da peykin istismar müddəti ərzində mühüm rol oynayacaq.

2000-ci ildə kosmos texnologiyaları sahəsində fəaliyyətə başlayan ASELSAN, bu layihənin əsas iştirakçısı olaraq TÜRKSAT-6A üçün Ku-Band və X-Band faydalı yüklərini inkişaf etdirib. ASELSAN-ın təkmil Ku-Band faydalı yükü ilə TÜRKSAT-6A Türkiyə, Avropa və Cənubi Asiyaya rabitə xidmətləri göstərəcək. Cənubi Asiya əhatə dairəsinin genişlənməsi türk peyklərinin xidmət sahəsini əhəmiyyətli dərəcədə artırır və ölkənin kosmik imkanlarında yeni bir dövrə qədəm qoyur.

ASELSAN şirkəti TÜRKSAT-6A layihəsinin bir hissəsi olaraq, kosmik həllər üçün öz daxili dizayn, montaj, inteqrasiya və sınaq proseslərini inkişaf etdirib və ixtisaslaşdırıb. Şirkətin 100-dən çox əməkdaşı 80-dən çox kosmik elektron vahiddən istifadə edərək faydalı yüklərin layihələndirilməsi ilə bu çətin layihəyə öz töhfəsini verib. ASELSAN-ın faydalı yükləri 5 kVt enerji sərfiyyatına malikdir və onların ümumi kütləsi 300 kiloqrama bərabərdir.

İyunun 4-də peykin ABŞ-a uğurla göndərilməsindən sonra ASELSAN mühəndisləri TÜRKSAT-6A-nı inkişaf etdiriən digər şirkətlərlə (TÜBİTAK UZAY, TUSAŞ və CTECH) birlikdə buraxılış yerində lazımi yoxlama və sınaq işlərini tamamlayıblar.

ASELSAN tərəfindən dizayn edilmiş və yüksəsk keyfiyyətə malik faydalı yüklər 15 il orbitdə xidmət edəcək. Başlatma və erkən əməliyyat mərhələsinin müvəffəqiyyətlə tamamlanmasından sonra ASELSAN mühəndisləri tərəfindən faydalı yük testi həyata keçiriləcək.

Peyklə bağlı fikirlərini bölüşən ASELSAN-ın baş direktoru Ahmet Akyol, rəhbərlik etdiyi şirkətin TÜRKSAT-6A layihəsindəki rolundan danışıb: “Türkiyənin ilk yerli peykindəki rabitə yüklərimiz ASELSAN üçün qürur mənbəyidir. Komandamız TURKSAT-6A da daxil olmaqla peyk layihələrimiz vasitəsilə əhəmiyyətli nou-hau və təcrübə əldə edib. Biz yeni layihələrlə kosmik texnologiyalarda mövcudluğumuzu inkişaf etdirməyə sadiqik”.

Qeyd edək ki, TÜRKSAT 6A peyki Türkiyənin TÜBİTAK UZAY, TUSAŞ, ASELSAN və CTECH şirkətləri tərəfindən birgə istehsal olunub. Peykin istehsalı və sınaqları ilə bağlı bütün fəaliyyətlər TUSAŞ şirkətinin Kosmik Sistemlərin İnteqrasiyası və Test (USET) mərkəzində aparılıb. Yanacaqla birlikdə kütləsi 4 tondan çox olan TÜRKSAT 6A peykinin Türkiyə ilə yanaşı bir çox Avropa, Şimali Afrika, Yaxın Şərq və Asiya ölkələrinə də xidmət göstərməsi nəzərdə tutulub.

CATEGORIES
TAGS