Türkmənistan “Bayraktar TB2” PUA-ları alıb

Türkmənistan “Bayraktar TB2” PUA-ları alıb

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) Türkmənistana ixrac edilib.

“Poliqon” xəbər verir ki, Türkmənistanın 30-cu müstəqillik günü ilə əlaqədar keçirilən hərbi paradda “Bayraktar TB2” zərbə PUA-ları ilk dəfə nümayiş olunub.

Beləliklə, “Bayraktar TB2” PUA-nın Türkmənistana ixrac edildiyi təsdiqlənib.

Xatırladaq ki, Türkiyə 2021-ci ilin iyul ayında Türkmənistana 37 milyon ABŞ dolları dəyərində müdafiə və aerokosmik sənaye məhsulu ixrac edib. Buna əsaslanan hərbi ekspertlər Türkmənistanın “Bayraktar TB2” zərbə PUA-larını bu il aldığını iddia edirlər. Dəqiq rəqəmlər məlum olmasa da, ehtimal olunur ki, ilk partiyada Türkmənistana 6 ədəd “Bayraktar TB2” zərbə PUA-sı ixrac edilib.

Həmçinin qeyd edək ki, paradda “Bayraktar TB2” zərbə PUA-sının qanadının altında ROKETSAN istehsalı olan MAM-L və MAM-C sursatları da nümayiş olunub.

Məlumat üçün bildirək ki, hazırda Türkiyə, Azərbaycan, Mərakeş, Polşa, Ukrayna, Qətər kimi ölkələrin silahlanmasında “Bayraktar TB2” PUA-ları yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS