TUSAŞ “Anka” PUA-ların tədarükünü davam etdirir

TUSAŞ “Anka” PUA-ların tədarükünü davam etdirir

TUSAŞ şirkəti tərəfindən istehsal olunan “Anka” pilotsuz uçuş aparatlarının sifarişçilərə (PUA) tədarükü davam etdirilir.

“Poliqon” xəbər verir ki, TUSAŞ-ın PUA sistemləri bölməsinin baş direktorunun müavini Ömər Yıldız bildirib ki, indiyədək Türkiyə Ordusunun inventarına 36 ədəd “Anka” PUA təhvil verilib.

TUSAŞ-ın “Anka” PUA-sının ixracından da danışan Ö.Yıldız qeyd edib ki, yaxın gələcəkdə Tunisə son 2 ədəd “Anka” təhvil veriləcək və bununla bu ölkəyə “Anka”ların ixracatı tamamlanacaq. O, Qazaxıstanın “Anka”larının isə 20 iyunda göndəriləcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda TUSAŞ “Anka” PUA-ların ixracı üçün bir sıra ölkələrlə danışıqlar aparır.

Ö.Yıldız Malayziyada TUSAŞ-ın da qatıldığı PUA tenderi prosesinin davam etdiyini açıqlayıb: “Qərarın açıqlanması 1 il 3 aydan çox çəkdi. 12 rəqib arasında 2-ci yerdəyik. Daha üstün olduğumuzu düşünürük və təklif olunan PUA-lar arasında “Anka”nın qalib olaraq avqust ayında açıqlanacağına ümid edirik”.

Qeyd edək ki, Türkiyə və Tunis arasında “Anka” PUA-larının ixracına dair müqavilə 4-8 mart 2020-ci ildə Tunis Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi zamanı imzalanıb. Müqavilə çərçivəsində 80 milyon ABŞ dolları dəyərində 3 ədəd “Anka-S” PUA və 3 ədəd idarəetmə stansiyasının Tunis Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılıb. Tunis Silahlı Qüvvələrinin sifarişi əsasında TUSAŞ şirkəti tərəfindən istehsal edilən ilk “Anka” pilotsuz uçuş aparatı 2021-ci ilin oktyabr ayında sifarişçiyə çatdırılıb. Qalan 2 ədəd “Anka” PUA-nın 2022-ci ildə TUSAŞ şirkəti tərəfindən Tunisə çatdırılacağı nəzərdə tutulurdu.

Qazaxıstana isə tədarük edilən “Anka” PUA-ları 2020-ci ilin oktyabrında Qazaxıstanın “Kazarnaulyexpor” şirkəti ilə TUSAŞ arasında imzalanmış alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilir. 2021-ci ilin noyabr ayında açıqlanan məlumatda ilk mərhələdə TUSAŞ şirkəti tərəfindən Qazaxıstan Silahlı Qüvvələrinə 3 ədəd “Anka” pilotsuz uçuş aparatı ixrac ediləcəyi bildirilirdi.

Orta hündürlük – uzun müddət havada qalan (MALE) PUA sinfinə aid edilən “Anka” PUA TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlarla hazırlanır və dizayn edilir. Bu günə qədər “Anka” PUA-lar 120 min saatdan çox uçuş həyata keçirib. Maksimum uçuş çəkisi 1700 kiloqram olan “Anka” avtomatik uçuş imkanına malikdir. PUA uçuş edərkən eniş şassisi qatlana bilir. Habelə, buz və ildırımdan qorunma sistemləri, kamera, SAR radarı, siqnal kəşfiyyatı kimi avadanlıqlarla təchiz edilib.

“Anka” PUA 350 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Faydalı yüklə birlikdə maksimal 9140 metr yüksəklikdə uçuş müddəti 30 saata qədərdir. Maksimal bağlantı radiusu 250 km, kreyser sürəti saatda 200 km-dir. Qanad açıqlığı 17,5 metr, uzunluğu 8,6 metr və hündürlüyü 3,25 metrdir.

Silahlanmasına “Roketsan” şirkətinin istehsalı olan 8 ədəd “Cirit” idarə olunan tank əleyhinə raket və ya 4 ədəd yarıaktiv lazer özütuşlama başlıqlı kiçik ölçülü MAM-L sursatı daxildir.

Poliqon.az

CATEGORIES
TAGS