TUSAŞ “Gökbey” helikopteri bu ildən satışa çıxarılacaq – FOTOLAR
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri bu ildən satışa çıxarılacaq.
TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, “Gökbey” layihəsi çərçivəsində istehsalı tamamlanan 4-cü prototip helikopterin ilk uçuşu yaxın günlərdə baş tutub.
Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ölkənin silahlı qüvvələrinin və digər güc strukturlarının helikopter ehtiyaclarını ödəmək məqsədilə TUSAŞ şirkəti ilə 2013-cü ildə Özgün Helikopter Proqramı müqaviləsi imzalayıb. Müqavilə əsasında hazırlanan “Gökbey” helikopteri ilk uçuşunu 2018-ci il sentyabrın 6-da həyata keçirib. “Gökbey” helikopteri ilə 2020-ci ilin dekabr ayından etibarən sertifikat uçuşları icra edilib və uçuşların 2 il daha uzadıla biləcəyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl TUSAŞ şirkətinin baş direktoru Temel Kotil “Gökbey” helikopterlərinin 2022-ci ilin sonuna yaxın ölkənin Jandarma Qüvvələrinə, daha sonra Hərbi Hava Qüvvələrinə və xarici müştərilərə tədarük ediləcəyini açıqlamışdı. TUSAŞ şirkətinin bu il Türkiyə Jandarma Qüvvələrinə 3 ədəd “Gökbey” helikopteri çatdırılacağı bildirilib. Şirkətin hansı ölkəyə “Gökbey” ixrac edəcəyi hələlik məlum olmasa da, hərbi ekspertlər ixrac ediləcək helikopterlərin sayının 3 ədəd olacağını təxmin edirlər.
12 nəfər sərnişin tutumuna malik çoxməqsədli helikopterin ümumi uçuş çəkisi 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20.000 fut və uçuş müddəti isə 3,8+ saatdır. Xarici yanacaq çəni ilə 5 saatdan çox havada qala bilən “Gökbey” maksimum 948 kilometr məsafəyə uça bilir.
“Gökbey”in xidmət imkanları genişləndirilərək VIP, yükdaşıma, havada təcili yardım, axtarış-xilasetmə kimi missiyaları da yerinə yetirə biləcək səviyyədə hazırlanır.
Qeyd edək ki, “Gökbey” yüngül çoxməqsədli helikopteri ilk dəfə 26-29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.