TUSAŞ “Hürkuş” təyyarələrini Nigerdən sonra bu ölkəyə ixrac edəcək – AÇIQLAMA
Türkiyənin TUSAŞ şirkəti tərəfindən yeni nəsil təlim təyyarəsi layihəsi çərçivəsində hazırlanan Hava Yer İnteqrasiya Təyyarəsinin (Hava Yer Entegrasyon Uçağı – HYEU) ixracatdakı yeni müştərisi bəlli olub.
“Poliqon” xəbər verir ki, TUSAŞ şirkətinin baş direktoru Təməl Kotil “CNN Türk”də çıxışı zamanı bildirib ki, TUSAŞ “Hürkuş” HYEU təyyarəsini Nigerdən sonra Çada ixrac edəcək.
Təməl Kotil yaxın günlərdə “Hürkuş” HYEU təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyini də açıqlayıb.
“Nigerə 2 ədədlik “Hürkuş” satışının ardından Çada da satış həyata keçirdik. “Hürkuş”un ixracatdakı yeni adresi Çad olurkən, Niger pilotlarının təlimi davam edir”, – deyə TUSAŞ şirkətinin baş direktoru vurğulayıb.
Qeyd edək ki, 2021-ci ilin noyabrında TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim-döyüş təyyarəsinin Nigerə tədarükünə dair razılıq əldə olunub. 2022-ci ilin may ayında isə TUSAŞ şirkəti Liviyaya “Hürkuş” hərbi təlim təyyarələrinin ixracına dair yekun müqavilə imzalayıb.
Türkiyənin “Hürkuş” təlim təyyarələri ilə maraqlanan ölkələr arasında Azərbaycanda var. 2021-ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabr ayının 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. “Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.
TUSAŞ şirkəti tərəfindən hazırlanan tandem oturacaqlı, alçaq qanadlı, tək mühərrikli “Hürkuş” turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzərə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib.
Digər variantları ilə yanaşı, “Hürkuş” HYEU Hərbi Hava Qüvvələrinin təlim fəaliyyətlərində istifadə edilmək üçün nəzərdə tutulub. “Hürkuş” HYEU ilə İrəli Hava Nəzarətçisi, İrəli Döyüş Nəzarətçisi və Müştərək Atəş Dəstəyi komandası təlimləri verilə bilir. “Hürkuş” HYEU ucuz istifadə dəyəri və qabaqcıl avionika sistemləri ilə önəmli avantajlar təmin edir.
“Hürkuş”un mövcud qabaqcıl xüsusiyyətlərinə əlavə olaraq, “Hürkuş” HYEU ilə elektro-optik / infraqırmızı (EO/IR) kamera, lazerlə idarə olunan və idarə olunmayan təlim sursatları ilə yanaşı avtopilot inteqrasiyaları da tədricən həyata keçirilə bilər. “Hürkuş” HYEU təyyarəsi “Roketsan” şirkətinin istehsalı olan MAM-L ağıllı aviasiya sursatlarından istifadə etmək qabiliyyətinə malikdir. Digər tərəfdən, 1600 at gücündə turbovintli mühərrikə də sahib olan “Hürkuş” HYEU akrobatik və çevik bir təyyarə olaraq da tanınır.