Ukrayna 105 mm-lik L119 haubitsaları alacaq

Ukrayna 105 mm-lik L119 haubitsaları alacaq

Ukrayna Silahlı Qüvvələri yedəyə alınan 105 mm-lik L119 haubitsaları alacaq.

“Poliqon”un məlumatına görə, həmçinin, ukraynalı artilleriyaçılara Yeni Zelandiya hərbçiləri təlim keçəcək.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern (Jacinda Ardern) bildirib ki, onun kabineti Ukrayna artilleriyaçılarına 105 mm-lik L119 haubitsalarından istifadə etmək üçün təlim keçmək məqsədi ilə Yeni Zelandiya Müdafiə Qüvvələrinin (New Zealand Defence Force – NZDF) 30 hərbi qulluqçusunu Avropaya, yəni Böyük Britaniyaya göndərməyə razılaşıb.

“Biz Rusiyanın Ukraynaya hücum etdiyini, günahsız insanların həyatına və başqa bir ölkənin suverenliyinə qarşı belə açıq-aşkar hücumun yanlış olduğunu bəyan etdik. Bizim cavabımız təkcə Rusiyanı qınamaq deyil, həm də Ukraynaya əməli dəstək göstərməkdən ibarətdir”, – deyə xanım Casinda Ardern bildirib.

Bildirilib ki, Yeni Zelandiya mütəxəssisləri tərəfindən ukraynalı hərbi qulluqçuların hazırlığı iyun ayında başlayacaq və iyulun sonuna qədər davam edəcək.

Hər bir heyətin hazırlığı təxminən bir həftə çəkəcək. Təlimlər 230 nəfər ukraynalı topçu üçün planlaşdırılıb. Ümumilikdə isə 30-a yaxın top heyəti hazırlanacaq.

Təlim Böyük Britaniya tərəfindən koordinasiya ediləcək, eləcə də Yeni Zelandiya hərbçilərinin uçuşları, təlimi döyüş sursatı və digər zəruri təlim avadanlıqlarının təminatı onun tərəfindən həyata keçiriləcək.

Öz növbəsində, Yeni Zelandiya Ukraynaya 40-a yaxın top nişangahı, eləcə də təlim məqsədləri üçün az miqdarda sursat verəcək. Məlumatda o da qeyd olunur ki, bundan əvvəl Yeni Zelandiya Ukraynanı kəşfiyyat, nəqliyyat və logistika avadanlıqları ilə təmin etmək üçün Avropaya C130 “Hercules” təyyarəsi və NZDF personalını göndərib.

Xatırladaq ki, hələ aprel ayında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirmişdi ki, London Ukraynaya 105 mm-lik yüngül yedəyə alınan haubitsalar verəcək.

Böyük Britaniyanın “Royal Ordnance Factory” şirkəti tərəfindən istehsal olunan L119 haubitsası piyada, hava-desant qoşunları və hücum qruplarını dəstəkləmək üçün təyin edilmiş yüngül çəkili 105 mm-lik yedəyə alınan silahdır. Silahlanmaya 1975-ci ildə daxil edilib. Haubitsa əl ilə doldurulur, yüngül zirehli maşınları və piyadaları effektiv şəkildə məhv edə bilir. Döyüş sursatının növündən asılı olaraq maksimal atış məsafəsi 11.500 metr ilə 19.000 metr arasında dəyişir.

L119 yüngül haubitsaları düzünə atəş dəstəyi və ya bağlı mövqelərdən atəş aparmaq imkanına malikdir. Tipik olaraq, bu haubitsalar döyüş bölgələrinə xüsusi maşınlarda daşınır. Sürətli açılması və ya çətin ərazilərə çatdırılması üçün helikopterlə daşınması mümkündür. Lüləsinin çapı 105 mm və uzunluğu 37 çapdır. Haubitsanın çəkisi 1,86 ton, uzunluğu 8,8 m, eni 1,78 m və hündürlüyü 2,13 m-dir.

L119 Böyük Britaniya (126 ədəd), ABŞ (548 ədəd) və Yeni Zelandiya (24 ədəd) daxil olmaqla 20 dövlətin ordusunda silahlanmadadır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS