Ukrayna Almaniyadan PzH-2000 özüyeriyən haubitsa istəyib
Ukrayna hökuməti Almaniya ordusunun ehtiyatlarında olan özüyeriyən artilleriya qurğularının (ÖAQ) tədarükü barədə Berlinə sorğu göndərib.
“Poliqon”un məlumatına görə, sorğuda 100 (yüz) ədəd 155 mm çaplı PzH-2000 (“Panzerhaubitze 2000”) ÖAQ tələb olunub.
Sorğuya ÖAQ-dan başqa ehtiyat hissələr və tədris vəsaitləri də daxildir. Bütün bunlar isə rəsmi Kiyevə 1,7 milyard avroya başa gələcək. Alternativ olaraq, haubitsalar “Boxer” zirehli transportyoru bazasında alınsa, satınalma 1,2 milyard avroya başa gələcək.
Ukrayna Silahlı Qüvvələrinə veriləcək haubitsaların əvəzinə Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) konserni “Bundesver” üçün eyni sayda özüyeriyən qurğu istehsal etməlidir. Lakin, Ukrayna Silahlı Qüvvələri uzun müddət gözləməli olacaq, çünki texnikaların ilk partiyası 2024-cü ilin ikinci yarısından tez olmayaraq, yəni müqavilə imzalandıqdan 30 ay sonra Ukraynaya göndərilə bilər. Tam tədarük isə 2027-ci ilə qədər başa çatdırıla bilər. Bu da onunla əlaqədardır ki, belə bir müddətdən sonra konsern veriləcək ÖAQ-ı əvəz edəcək ilk yeni özüyeriyən qurğuları istehsal edə biləcək. Amma hələlik Berlindən heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, PzH 2000 1998-ci ildə yerli “Krauss-Maffei Wegmann” konserni tərəfindən hazırlanmış Almaniya özüyeriyən artilleriya qurğusudur.
ÖAQ 52 çap uzunluğunda 155 mm L52 topu, 7,62 mm çaplı MG3 pulemyotu, naviqasiya sistemi, avtomatlaşdırılmış atəşi idarəetmə sistemi, 60 ədəd mərmidən və 228 ədəd modul tullayıcı atımdan ibarət döyüş dəsti olan avtomatik doldurma sistemi, yanğın aşkaretmə və avtomatik yanğınsöndürmə sistemi, kütləvi qırğın silahlarından mühafizə sistemi ilə təchiz olunub. Qüllənin damında və yanlarında asma dinamik qoruyucu blokların quraşdırılması da mümkündür. Döyüş kütləsi 55,3 tondur.
PzH 2000 ÖAQ 30-50 km-ə qədər məsafələrdə 9 saniyəyə 3 və ya 56 saniyəyə 10 atəş açmağa qadirdir. Haubitsa dünya rekorduna da sahibdir. Bekə ki, Cənubi Afrikadakı təlim poliqonlarının birində o, təkmilləşdirilmiş aerodinamikası olan aktiv М2005 V-LAP (“Velocity Enhanced Artillery Projectile”) mərmisini 56 km məsafəyə atıb.
Əhəd Əzizov