
Ukraynda ballistik raket proqramının hazırlanması və FREYJA antiballistik sistem proqramının icrası ilə bağlı müşavirə keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.
Prezident bildirib ki, müşavirədə proqramın icra vəziyyəti, mövcud ehtiyaclar və bu günədək həyata keçirilən mərhələlər müzakirə olunub. Sürətləndirilməsi zəruri olan istiqamətlər üzrə iş qrafiki və məsul şəxslər müəyyənləşdirilib.
Onun sözlərinə görə, öz ballistik raketlərini hazırlamaq və yeni antiballistik sistem yaratmaq dünyada yalnız çox az sayda ölkənin bacardığı imkanlardır: “Ukrayna bu imkanlara malikdir. Ukraynalılar müvafiq elmi bazaya və peşəkarlığa sahibdirlər. Artıq silah istehsalçılarımızın da lazımi səviyyəyə çatdığını qeyd edə bilərik. 2026-2027-ci illər ərzində Ukraynanın lazımi nəticələrə nail olacağını hesab edirik”.
Müşavirədə həmçinin kritik komponentlərin tədarükü, tərəfdaşlarla texnoloji əməkdaşlığın genişləndirilməsi və istehsalın lokallaşdırılması məsələləri də müzakirə olunub. Eyni zamanda, FREYJA proqramının plan üzrə irəlilədiyi və Avropanın ballistik təhdidlərdən müdafiəsi üçün Antiballistik Koalisiyaya daha çox tərəfdaş ölkənin qoşulmasının vacib olduğu vurğulanıb.
Bundan əlavə, Prezident tərəfdaşlarla PAC-2 və PAC-3 tutucu raketlərinin təminatı ilə bağlı əməkdaşlığın da müzakirə edildiyini, Ukraynanın Xarici İşlər və Müdafiə nazirliklərindən bu istiqamətdə konkret nəticələr gözlədiyini qeyd edib.




