Ukrayna “Bayraktar TB2” PUA-ların növbəti partiyasını alacaq
Ukrayna Müdafiə Nazirliyi 2022-ci ildə Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) daha bir partiyasını alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Nazir qeyd edib ki, Türkiyə “Bayraktar” üçün Ukrayna mühərrikləri alıb: “Türkiyəli tərəfdaşlarımız “Bayraktar”ın istehsalı üçün Ukrayna mühərrikləri aldıqlarını açıq şəkildə elan ediblər. Gələn il daha bir partiya “Bayraktar TB2” PUA almağı planlaşdırırıq. Lakin vurğulayım ki, alınacaq “Bayraktar”lar Türkiyədə istehsal olunsa da, Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunacaq, çünki biz müstəqilliyimizi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq müdafiə etməliyik”.
Xatırladaq ki, daha əvvəl, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Valeri Zalujnı Ukrayna Müdafiə Nazirliyinin 2021-2022-ci illər ərzində Türkiyənin “Baykar” şirkətindən 4 kompleks “Bayraktar TB2” PUA alacağını mətbuata bildirmişdi.
Rizvan Fikrətoğlu