QuruXəbərlər

Ukrayna BMP-lərini GUARDIAN 30 qüllələri ilə silahlandırır

Ukraynanın 146-cı Müstəqil Təmir və Bərpa Alayı Sovet dövrünə aid BMP piyada döyüş maşınının (PDM) üzərinə İspaniyanın GUARDIAN 30 uzaqdan idarəolunan silah modulunun quraşdırıldığı fotoları yayımlayıb.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, alayın rəsmi sosial media səhifəsində paylaşdığı fotolarda klassik BMP korpusu onilliklər əvvəl zavoddan çıxdığı orijinal qüllə əvəzinə GUARDIAN 30 ilə görünür.

İspaniya mərkəzli “Escribano Mechanical and Engineering” şirkəti tərəfindən istehsal olunan GUARDIAN 30 tam stabilləşdirilmiş uzaqdan idarəolunan döyüş moduludur. Qüllədə 30 mm-lik MK44S “Bushmaster II” avtomatik topu, 7,62 mm-lik koaksial pulemyot, 12 ədəd tüstü qumbarası atıcısı, eləcə də soyudulmuş infraqırmızı kamera, lazer məsafəölçən və gündüz görüntü kamerasını birləşdirən ikili elektro-optik sistem mövcuddur.

Bütün sistem (silah və sursat istisna olmaqla) 1250 kiloqramdan az çəkiyə malikdir və 360 dərəcə fırlana bilir. Şaquli bucaq diapazonu isə mənfi 20 dərəcədən müsbət 60 dərəcəyə qədərdir ki, bu da xüsusilə şəhər və yaxın döyüş şəraitində, yuxarı mərtəbələr və damlardan gələn təhdidlərə qarşı effektivlik yaradır.

146-cı alayın fotolarının əhəmiyyəti sadəcə Sovet şassisinə Qərb qülləsinin quraşdırılması ilə məhdudlaşmır. 1966-cı ildə Sovet Ordusunda xidmətə qəbul edilən BMP platforması ilkin olaraq 73 mm-lik 2A28 “Qrom” topu üzərində qurulmuşdu və bu silah artıq Soyuq müharibə dövrünün sonunda belə müasir döyüş üçün kifayət qədər effektiv sayılmırdı. “Qrom”un atdığı mərmilərin 800 metrdən sonra dəqiqliyi kəskin azalırdı və yarı-mexaniki doldurma sistemi səbəbilə atəş sürəti aşağıya düşürdü. Onun optik nişangah sistemi isə 1960-cı illərə aid idi.

Ukraynadakı hazırkı müharibə şəraitində (dron təhdidləri, əks-batareya radarları və möhkəmləndirilmiş mövqelər fonunda) BMP-1 orijinal vəziyyətdə əsasən yalnız şəxsi heyətin daşınması üçün yararlı qalır. Lakin 30 mm-lik stabilləşdirilmiş avtomatik topa keçid bu platformanın döyüş imkanlarını tamamilə dəyişdirir və 2 km-dən artıq məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir.

Ukrayna rəsmiləri 2025-ci ilin mayında “Escribano Mechanical and Engineering” şirkətinin istehsal etdiyi GUARDIAN 30 qüllələrinin artıq ölkəyə çatdırıldığını təsdiqləmişdi.

2020-ci ildən bəri istehsal olunan GUARDIAN 30 qülləsi Avropa ilə Yaxın Şərqdə 800-dən çox ədəd satılıb. Onun BMP şassisinə inteqrasiyası texniki baxımdan nisbətən sadədir. Çünki GUARDIAN 30 müxtəlif platformalara uyğunlaşdırıla biləcək şəkildə hazırlanıb və uzaqdan idarəetmə sistemi ekipajın qüllə daxilində olmasını tələb etmir.

Ukrayna müharibə boyunca BMP-1 parkının modernləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirib. Bunlara yerli istehsal olan BMP-1TS modernizasiya paketi də daxildir. Fotolarda görünən GUARDIAN 30 inteqrasiyası isə İspaniya istehsalı sistemdən istifadə edilən ayrıca modernizasiya xəttini göstərir və Ukraynanın eyni vaxtda bir neçə fərqli modernizasiya yolunu paralel şəkildə həyata keçirdiyini nümayiş etdirir.

Back to top button