
Ukrayna bölmələrin döyüş effektivliyini artırmaq üçün yeni addımlar atır
Ukrayna Müdafiə Nazirliyi 2025-ci ilin birinci rübündə döyüş briqadalarını dəstəkləmək üçün təxminən 12.3 milyard UAH (295.9 milyon ABŞ dolları) vəsait ayırıb.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu vəsait cəbhəboyu bölmələrin effektivliyini artırmaqdan ötrü pilotsuz uçuş aparatları (PUA), elektron döyüş texnikası, nəqliyyat vasitələri və digər mühüm avadanlıqların alınması üçün nəzərdə tutulub.
Xüsusilə, Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə “Drone Line” layihəsinə start verilib. Bu proqram çərçivəsində PUA-lardan istifadə üzrə ən uğurlu beş döyüş bölməsinə müstəqil olaraq pilotsuz uçuş aparatları, elektron döyüş texnikası, mobil qruplar üçün avtomobillər almaq imkanı verilib.
Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin prioriteti döyüşən birliklərin ehtiyaclarının operativ şəkildə maliyyələşdirilməsidir. Quruda döyüşən hərbçilər cəbhə xəttinin müəyyən hissələrinin cari ehtiyaclarını ən yaxşı şəkildə başa düşürlər, buna görə də onlar müstəqil olaraq prioritet PUA alışlarını müəyyən edə bilərlər.
“Müdafiə Nazirliyi mümkün qədər tez bir zamanda yeni Ukrayna PUA-larını döyüş briqadalarına çatdırmağa çalışır. Buna görə də, 2025-ci ilin əvvəlində hərbi hissələr üçün satınalma qaydaları dəyişdirildi və bu, onlara sadələşdirilmiş prosedurlardan istifadə etməklə həm kodlaşdırılmış, həm də kodlaşdırılmamış məhsulların alınmasına imkan verdi”, – deyə Ukrayna Müdafiə Nazirliyinin Satınalma Siyasəti Departamentinin direktoru Qleb Kanevski vurğulayıb.
Qeyd olunub ki, Müdafiə Nazirliyi döyüş briqadalarının birbaşa maliyyələşdirilməsi təcrübəsini davam etdirəcək, onlara prioritet ehtiyaclarını müstəqil şəkildə müəyyənləşdirmək və dövlətin müdafiə qabiliyyətini gücləndirmək imkanı verəcək.