Ukrayna ilə BƏƏ hərbi-texniki əməkdaşlığa dair müqavilə bağlayıb
Abu Dabidə keçirilən İDEX-2021 müdafiə sərgisinin son günündə Ukrayna ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
“Poliqon” xəbər verir ki, Ukrayna tərəfindən müqaviləni “Ukrspecexport” Dövlət Şirkətinin baş direktoru Birləşmiş Ərəb Əmirlikləri tərəfindən “EDGE Group” şirkətinin direktoru imzalayıb.
Müqaviləyə əsasən Ukrayna istehsalı olan hərbi təyinatlı məhsullar Birləşmiş Ərəb Əmirliklərinə təklif ediləcək.
“Ukrspecexport Dövlət Şirkəti”nin baş direktoru Vadim Nozdria bildirib ki, “EDGE Group” ilə imzalanan bu müqavilə, BƏƏ-nin müdafiə holdinqi ilə əsas əməkdaşlıq sazişinin həyata keçirilməsinə yönəlmiş yeni bir addımdır: “EDGE Group” ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş ölkələrimiz arasında qabaqcıl texnologiyaların mübadiləsi və inkişafı imkanları açır”.
Qeyd edək ki, bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı bir milyard dollardan çox dəyəri olan hərbi əməkdaşlıq sazişi imzalanıb.