
Ukrayna istehsalı hərbi sistemlər NASAMS ilə inteqrasiya ediləcək
Ukraynanın “Ukrainian Defense Industry” (“Ukroboronprom”) dövlət şirkəti və Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti Ukraynanın hava hücumundan müdafiə (HHM) potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın göstərilməsi ilə bağlı razılığa gəliblər.
“Poliqon” xəbər verir ki, bu barədə “Ukrainian Defense Industry” məlumat yayıb.
Bildirilib ki, burada söhbət mövcud və perspektivli Ukrayna istehsalı olan qısa və orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərinin NASAMS infrastrukturuna inteqrasiyası üzrə tərəfdaşlıqdan gedir. Xüsusilə, Ukrayna istehsalı sistemlərin Norveçin komanda və idarəetmə modulları ilə birlikdə işləməsi nəzərdə tutulur.
Bundan əvvəl KONGSBERG nümayəndələri ukraynalı həmkarları ilə ilkin danışıqlar aparıblar, onların istehsal və elmi-texniki imkanlarını öyrəniblər.
“HHM və raket əleyhinə müdafiə sistemlərimizin inkişafı və genişləndirilməsi “Ukrainian Defense Industry”nin fəaliyyətində mütləq prioritetlərdən biridir. Norveçli silah istehsalçıları ilə birlikdə biz strateji obyektləri və mülki infrastrukturu etibarlı şəkildə qoruyacaq güclü hava qalxanı yaratmaq istiqamətində yeni bir addım atacağıq. Əminəm ki, KONGSBERG ilə əməkdaşlıq daha bir səmərəli beynəlxalq tərəfdaşlıq nümunəsi olacaq”, – deyə “Ukrainian Defense Industry”nin baş direktoru Oleq Hulyak qeyd edib.
Xatırladaq ki, qısa müddət öncə Norveçin KONGSBERG şirkəti Ukraynada zenit idarə olunan raketlərin və insansız katerlərin hazırlanması və istehsalı üçün bu ölkənin iki əsas sənaye şirkəti ilə müqavilələrin imzaladığını açıqlayıb.