
Ukrayna Maryinka rayonu üzərində nəzarəti tamamilə bərpa edib
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli beşinci gününün xronikasını təqdim edir.
Aprelin 19-da Ukrayna silahlı qüvvələri Donetsk vilayətinin Maryinka bölgəsində əks hücuma keçib, rayon üzərində nəzarəti tamamilə bərpa edib.
Ukrayna ordusu tərəfindən Rusiya Qara dəniz donanmasının 126-cı sahil mühafizə briqadasının şəxsi heyətinin 75 faizi məhv edilib. Eləcə də, Qara dəniz donanmasının 810-cu əlahiddə briqadasının 158 hərbçisi öldürülüb, 500-ü yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum briqadası Rusiya Ordusunun sursat anbarını “Edelveys” artilleriyası vasitəsilə məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetsk və Luqansk istiqamətində Rusiya ordusunun 7 hücumunun qarşısını alaraq 10 tank və 20 digər zirehli texnika vasitəsini məhv edib. Habelə, Donbas səmasında Rusiyanın 1 ədəd Su-30 qırıcısı və 4 ədəd “Orlan 10” pilotsuz uçuş aparatı (PUA) vurulub.
Ukrayna hərbçiləri Rusiya silahlı qüvvələrinin Tomsk şəhərində Omsk-Novobut motoatıcı briqadasının bölməsini zərərsizləşdirib.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 169 təyyarəsini, 150 helikopterini, 802 tankını, 2063 zirehli texnikasını, 1495 hərbi avtomobilini, 386 artilleriya qurğusunu, 158 PUA-sını, 67 hava hücumundan müdafiə sistemini, 132 yayılım atəşli reaktiv sistemini, 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 20800 nəfər hərbiçisi öldürülüb.
Rəsmi məlumata görə, Qara dəniz əməliyyat zonasında olan Rusiya hərbi gəmiləri Ukrayna sahillərindən təxminən 200 km geri çəkilib. Lakin gəmilərin blokada və raket zərbələri təhlükəsi hələ də qalmaqdadır.
Aprelin 19-da Rusiya silahlı qüvvələri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək, eləcə də Krıma quru yolu tam nəzarətə almaq cəhdlərini davam etdirib. Bu məqsədlə, Rusiya ordusu Ukraynanın bütün mülki və hərbi obyektlərinə raket və aviasiya zərbələri endirib.
Rusiya hərbçilərininn Ukraynanın Xarkov şəhərini gün ərzində atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 14-ü isə yaralanıb.
Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində S-400 və S-300 zenit-raket sistemlərinin diviziyalarını yerləşdirib.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası bölmələri Ukraynada 60 hərbi obyektə zərbə endirib. Zərbələr nəticəsində Ukraynanın “Toçka-U” taktiki raketlərinin döyüş başlıqlarının saxlandığı iki anbarı məhv edilib. Həmçinin Ukrayna ordusunun üç komanda məntəqəsi və canlı qüvvəsi, eləcə də hərbi texnikasının cəmləşdiyi 53 ərazi vurulub.
Rusiya silahlı qüvvələri Ukraynanın Barvenkovo yaşayış məntəqəsində “Buk-M1” ZRK-ni məhv edib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 139 təyyarəsi, 104 helikopteri, 250 ZRK, 254 yayılım atəşli reaktiv sistemi, 483 PUA-sı, 2337 tank və digər zirehli döyüş maşınları, 2196 xüsusi nəqliyyat vasitəsi, 1009 artilleriya qurğusu və minaatanı məhv edilib.
Aprelin 19-da Ukrayna və Rusiya arasında əsirlərin 5-ci mübadiləsi həyata keçirilib. Belə ki, Ukraynanın 76 vətəndaşı əsirlikdən azad olunub. Onlardan 10-u zabit olmaqla 60-ı hərbçi, 16-sı isə mülki şəxslərdir.
Bu arada, müttəfiq ölkələr tərəfindən Ukrayna Ordusunun silahlandırılması davam edir. Niderland hökuməti Ukraynaya zirehli texnika və ağır silahlar göndərəcəyini bəyan edib.
Yaponiya hökuməti Ukraynaya kimyəvi maddələrdən qoruya bilən xüsusi geyim və maskalar, həmçinin pilotsuz uçuş aparatları göndərmək niyyətindədir.
İtaliya hökuməti də Ukraynaya silah tədarükünü dəstəkləyir. İtaliya parlamentində silah göndərilməsi ilə bağlı qərar demək olar ki, yekdilliklə qəbul edilib.
Kanadanın da Ukraynaya ağır artilleriya göndərəcəyi və bu barədə təfərrüatların yaxın günlərdə açıqlanacağı bildirilib.
Finlandiya Ukraynaya dəstək olaraq əlavə müdafiə ləvazimatı göndərəcək. Sözügedən yardımın nədən ibarət olması, çatdırılma qaydası və vaxtı açıqlanmayıb. Bildirilib ki, əlavə yardımlar əsnasında Ukraynanın ehtiyacları və Finlandiya Müdafiə Qüvvələrinin ehtiyatları nəzərə alınıb.
Rumıniya milli müdafiə sisteminin bəzi qurumlarının ehtiyatlarından Ukraynaya silah ötürəcək. Bu qərar Rumıniya qanunvericiliyinə dəyişiklik etməklə mümkün olacaq. Bu münasibətlə Rumıniya Müdafiə Nazirliyi fövqəladə fərman layihəsi hazırlayıb. Layihənin mətnində bunun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kontekstində zəruri olduğu bildirilib. Həmçinin, bu sənədin təsdiqindən sonra Rumıniya hərbi ehtiyatlardan müttəfiq və ya tərəfdaş dövlətlərə məhsul tədarük edə biləcək.
Fransa öz növbəsində Ukraynaya müdafiə silahları verməyə davam edəcək.
Son vaxtlar Ukraynanın tərəfdaşları ona lazımi silahları daha fəal şəkildə ötürürlər. Xüsusilə, Slovakiya S-300 zenit raket sistemini Ukraynaya təhvil verib.
Böyük Britaniya Ukraynaya “Mastiff” zirehli maşınların göndərildiyini elan edib. Eyni zamanda Avstraliyanın Baş naziri Skott Morrison Ukraynaya zirehli transportyorların göndərildiyini açıqlayıb.
Bundan əlavə, ABŞ Ukraynaya 18 155 mm-lik yedəkli haubitsa və 40 min artilleriya mərmisi, eləcə də digər zəruri avadanlıq göndərib. Yaxın vaxtlarda ABŞ-dan Ukraynaya daha 7 hərbi yardım təyyarəsi yola düşəcək.
Rizvan Fikrətoğlu