Ukrayna Müdafiə Qüvvələri İran və Serbiya istehsalı sursatlardan istifadə edir – FOTOLAR
Ukrayna Müdafiə Qüvvələri İran istehsalı olan 120 mm-lik fuqas minaatan minalarından və Serbiya istehsalı olan yeni nümunə 122 mm-lik ER Grad 2000 reaktiv mərmilərindən istifadə edir.
“Poliqon” xəbər verir ki, bunu “Ukraine Weapons Tracker” (UWT) kanalının OSINT (Open Source İNTelligence) açıq mənbələr üzrə kəşfiyyat analitikləri açıqlayıb.
ER Grad 2000 reaktiv mərmiləri Ukrayna Ordusunun arsenalında olan digər raketlərin imkanlarını xeyli üstələyir.
Serbiyanın yaylım atəşli reaktiv sistemlər (YARS) üçün 3500 ədəf reaktiv mərminin mümkün satışı barədə ictimaiyyətə açıqlama verildikdən sonra UWT analitikləri vasitəçi vasitəsilə Serbiya reaktiv mərmilərinin həqiqətən də Ukrayna Silahlı Qüvvələrinə verildiyini və Ukrayna Müdafiə Qüvvələri tərəfindən Rusiyaya qarşı müharibədə istifadə edildiyini təsdiqləyiblər.
UWT-nin məlumatına görə, reaktiv mərmilər Ukraynada bir neçə ay əvvəl aşkarlanıb, lakin təhlükəsizlik səbəbi ilə onlar nəşr tərəfindən dərc edilməyib.
Bildirilir ki, döyüş sursatını Kanadanın “JNJ Export Import” şirkəti Serbiyanın “Krušik” müəssisəsindən alıb.
Türkiyənin “Arca Savunma Sanayi Ticaret” şirkəti döyüş sursatı olan konteynerləri Serbiyadan Türkiyəyə daşıyıb, oradan isə reaktiv mərmilər Slovakiya vasitəsilə Ukraynaya çatdırılıb.
Serbiyanın “Krušik” müdafiə şirkətinin 122 mm-lik ER Grad 2000 reaktiv mərmilərinin əsas fərqi ondan ibarətdir ki, maksimal məhvetmə məsafəsi 40 km-ə çatdırılıb və bu da sovet 9M21OF mərmilərindən iki dəfə çoxdur.
Uçuş məsafəsini artırmaq üçün Serbiya konstruktorları reaktiv mərmidəki yanacağı daha güclü yanacaqla əvəz ediblər. Onun döyüş hissəsinin kütləsi dəyişməyib və 19 kiloqramdan bir qədər çoxdur, ümumi çəkisi isə üç kiloqram artaraq 69 kq-a çatıb.
ER Grad 2000, digər sovet tipli reaktiv mərmilərindən fərqli olaraq, spesifik soplo formasına və düzbucaqlı aerodinamik sükanlara malik olan fərqli raket mühərriki ilə identifikasiya edilə bilər.
Raketlər keçmiş SSRİ istehsalı BM-21 “Qrad”, Çexoslovakiya istehsalı RM-70 və Ukrayna istehsalı “Verba” tipli YARS-da istifadə üçün təyin edilib.
Bu gün 155 mm-lik haubitsalarla birlikdə 122 mm-lik reaktiv artilleriya Rusiya-Ukrayna müharibəsində iştirak edən Ukrayna Quru Qoşunları briqadalarının atəş gücünün əsasını təşkil edir.
Eyni zamanda, 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbi qulluqçuları İran istehsalı 120 mm-lik M48 minaatan minalarından işğalçıların mövqelərinə qarşı istifadə edilməsinin fotosunu dərc ediblər.
Artilleriyaçıların atəş açdığı minaatan da az maraqlı deyil. Belə ki, fotoda İranın HM-16 minaatanını görmək mümkündür ki, onun görünməsi barədə ilk dəfə Ukrayna mətbuatı 2022-ci ilin iyulunda məlumat paylaşmışdı.
Əvvəllər Ukrayna Müdafiə Qüvvələrinin İrana məxsus 120 mm-lik minaatandan istifadə etməsi barədə məlumat verilmirdi. Ehtimal ki, Ukrayna onları İrandan Ukraynaya tədarük zəncirində vasitəçi olmuş üçüncü ölkələr vasitəsilə ala bilib. Həmçinin, daha az ehtimal olunan, lakin mümkün mənbə vaxtaşırı İrandan Yəmənə dəniz gəmilərində qaçaqmalçılıq yolu ilə silah göndərilməsinin qarşısını alan və sonra bu yükü Ukraynaya ötürən ABŞ ola bilər.
Əldə olan video və fotoşəkillər əsasında minaları uyğunlaşdıran analitiklərin fikrincə, markalanmaya görə onlar 2022-ci ildə istehsal edilib. Analitiklər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin arsenallarında İran istehsalı 120 mm-lik minaların sayı “yüzlərlə, hətta minlərlə deyil, onların sayı daha çoxdur”.
İranın 120 mm-lik M48 minaatan minasını parlaq qəhvəyi rəngi, tullayıcı barıt atımlarının yerləşməsi və markalanması ilə tanımaq olur.
Bundan əvvəl Ukrayna KİV-i Ukrayna ərazi müdafiə bölmələrindən birinin İranın 120 mm-lik minaatanlarından istifadə etdiyini bildirmişdi.
İranın HM-16 “Hadid” minaatanları İsrailin “Soltam Systems” şirkəti tərəfindən hazırlanmış “Soltam K6” minaatanlarının lisenziyasız surətidir. O, İran Müdafiə Sənayesi Təşkilatının “Ammunition & Metallurgy Industries Group” (AMİG) müəssisəsi tərəfindən istehsal olunur. İstehsalçı HM-16 minaatanının maksimal atəş məsafəsinin 6600 metr olduğunu bildirir.
Əhəd Əzizov