
Ukrayna ordusu İzyumun yaşayış məntəqələrini işğaldan azad edib
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli dördüncü gününün xronikasını təqdim edir.
Aprelin 18-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.
Ukraynanın “Azov” alayı Mariupol şəhərini ələ keçirməyə çalışan Rusiya hərbçilərinin zərərsizləşdirilməsi görüntülərini paylaşıb. Xatırladaq ki, şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər. Şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.
Ötən sutkada Ukraynanın müdafiə qüvvələri Donetsk və Luqansk vilayətlərində Rusiya ordusunun 12 hücumunun qarşısını alıb, 10 tankını, 15 zirehli texnikasını, 5 hərbi avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya ordusunun 5 hava hədəfini – 1 təyyarəsini, 3 helikopterini və 1 pilotsuz uçan aparatını (PUA) sıradan çıxarıb.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 167 təyyarəsini, 147 helikopterini, 790 tankını, 2041 zirehli texnikasını, 1487 hərbi avtomobilini, 381 artilleriya qurğusunu, 155 PUA-sını, 67 hava hücumundan müdafiə sistemini, 130 yayılım atəşli reaktiv sistemini, 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 20600 nəfər hərbiçisi öldürülüb.
Belarus Silahlı Qüvvələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin gücləndirilməsini davam etdiriblər. Bu ərazidə Rusiya hərbçiləri radioelektron kəşfiyyatı aparır. Belarus ərazisində Rusiyanın döyüşlərdə sıradan çıxmış zirehli texnikaları dəmir yolu ilə daşınması müşahidə olunub.
Rusiya Siver istiqamətində sərhədyanı rayonlara nəzarəti gücləndirib. Rusiyanın Bryansk və Kursk vilayətlərinin sərhədyanı və buraxılış məntəqləri yerləşən rayonlarında mühəndis qurğularının quraşdırılması davam edib.
Rusiya Silahlı Qüvvələri Siverski Donets çayının sol sahilində qoşunların operativ yerləşməsi üçün Dmitrivka və Dibrovna yaşayış məntəqələri isitiqamətində döyüşlər aparıb.
Rusiya Silahlı Qüvvələrinin bölmələri Şərq əməliyyat zonasında yenidən hücum üçün qruplaşmanın formalaşdırılmasını başa çatdırıblar. Ukrayna ərazisində Rusiya Ordusunun 87 taktiki taboru döyüş tapşırığı yerinə yetirib.
Rusiya silahlı qüvvələri Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub və Kreminna şəhərindəki Olimpiya İdman Kompleksini atəşə tutublar.
Rusiya ordusu tərəfindən Dnepropetrovskda Ukraynanın “Toçka-U” taktiki raket kompleksinin təmiri zavodu vurulub. Bundan başqa, “İsgəndər” əməliyyat-taktiki raketləri ilə Ukraynanın 4 hərbi anbarı, həmçinin Ukrayna Ordusunun canlı qüvvəsinin cəmləşdiyi 3 ərazi məhv edilib. Ümumilikdə aprelin 18-də Ukraynanın 84 hərbi obyektinə zərbələr endirilib.
Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynanın İzyum yaşayış məntəqəsində 2 ədəd MiQ-29, Andeyevkada isə 1 ədəd Su-25 təyyarəsi vurulub. Həmçinin son sutkada Ukraynanın 11 PUA-sı məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, səhər saatlarında Rusiya Hərbi-Kosmik Qüvvələrinin bölmələri yüksək dəqiqlikli raketləri Lvov vilayətində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirib. O, Rusiya Ordusunun raket qüvvələri və artilleriyasının Ukraynanın 331 hərbi obyektinə, Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının isə 84 hərbi obyektə zərbələr etdirdiyini təsdiq edib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 139 təyyarəsi, 104 helikopteri, 250 zenit-raket kompleksi, 254 yayılım atəşli reaktiv sistemi, 483 PUA-sı, 2337 tank və digər zirehli döyüş maşınları, 2196 xüsusi nəqliyyat vasitəsi, 1009 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rizvan Fikrətoğlu