QuruXəbərlər

Ukrayna “Patriot” HHM sistemləri üçün raket çatışmazlığı ilə üzləşib

Ukrayna “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket çatışmazlığı yaşayır.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

O vurğulayıb ki, bu gecə Rusiya Ukrayna ərazisinə 35 ədəd raket atıb ( onlardan 27-si ballistik raket) və 185 ədəd müxtəlif tipli zərbə pilotsuz uçuş aparatı (PUA) buraxıb. Onun sözlərinə görə, hücumun əsas hədəfi Kiyev olsa da, Dnepropetrovsk, Sumı, Xarkov və Poltava əraziləri də zərbələrə məruz qalıb.

“Bu gecə cəmi bir ballistik raketi vurmaq mümkün olub. Bunun səbəbi isə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığıdır. Ballistik raketlərə qarşı istifadə olunan tutucu raketlərin belə çatışmazlığı Rusiyanı insan həyatına qarşı bu cür hücumları davam etdirməyə daha da həvəsləndirir”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Beynəlxalq tərəfdaşlara müraciət edən V.Zelenski bildirib ki, ballistik raketlərə qarşı müdafiə vasitələri anbarlarda saxlanılmamalı, məhz hazırda Ukraynada istifadə olunmalıdır: “Yalnız bu halda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni cilovlamaq və dayandırmaq mümkündür”.

Back to top button